AZ

Çingiz Hüseynzadə: Parisdə cüdo, boks və sərbəst güləş üzrə qazanılan medallar dəyişdirilməyəcək

Bakı, 9 aprel, AZƏRTAC

Nəhayət, Olimpiya medalları yenisi ilə əvəz olundu və biz onları idmançılarımıza təqdim etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının medal təqdimetmə mərasimindən və qurumun İcraiyyə Komitəsinin (İK) iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, İK-in toplantısında bir çox məsələnin müzakirə olunduğunu söyləyib: “Hesabatı dinlədik. Son illərdə bir çox layihələr həyata keçiririk. İdmançıların və mütəxəssislərin hazırlanması, inkişafı məqsədilə kursların təşkili, komanda idman növlərinə nəzarəti daha da gücləndirmək üçün Ekspertlər Şurasının yaradılması, həmçinin "Atlanta-1996" Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər barədə müzakirələr oldu. Bundan sonra da MOK-un fəaliyyəti aktiv şəkildə davam edəcək və yeni layihələr gerçəkləşdiriləcək. İclasda əsas məsələlərdən biri də Atletlər Komissiyası ilə bağlı oldu. Bildiyiniz kimi, dünyanın bütün idman qurumlarında atletlər təmsil olunur və bu, çox vacib nüansdır. Biz də bu gün qərara gəldik ki, birbaşa atletlərlə əlaqələr yaradılsın. Bu sayədə onlar İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlarla yaxından tanış ola biləcəklər”.

Qurum rəsmisinin sözlərinə görə, "Atlanta-1996" Yay Olimpiya Oyunlarının 30 illik yubileyi ilə bağlı kitab dərc olunacaq: “Bu Oyunlar 1996-cı il iyul ayının sonlarında keçirilib. Milli Olimpiya Komitəsi bu yubileyin təntənəli surətdə qeyd olunması üçün tədbirlər planı hazırlayıb. Unudulmuş insanları yad etmək istəyirik. Hətta alınarsa, film də çəkmək istəyirik. Həmin Olimpiadada iştirak edən Azərbaycanın nümayəndə heyətinin görüntüləri, şəkilləri filmdə əks olunacaq. Yubiley gününə qədər film və kitab hazır olacaq”.

Ç.Hüseynzadə Ekspertlər Şurasının yaradılmasının əhəmiyyətinə də toxunub: “Digər idman növlərimiz Olimpiadada təmsil olunduğu üçün biz onlarla həmişə birbaşa əlaqə qura bilirik. Amma komanda idman növlərində vəziyyət bir qədər fərqlidir. Ona görə də belə bir şura yaratmaq qərarına gəldik. Şuranın tərkibində hər idman növü üzrə bir nəfər təmsil olunacaq. Beləliklə, əlaqələrimiz möhkəmlənəcək. Biz də müəyyən qədər informasiya əldə edə biləcəyik, çünki onların fəaliyyəti ilə çox da tanış deyilik”.

Vitse-prezident cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyevin (100 kiloqram) qızıl, boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, sərbəst güləşçilər Maqomedxan Maqomedovun (97 kiloqram) və Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medallarının dəyişdirilməyəcəyini vurğulayıb: “Onlarla əlaqə saxladıq və medallarında hansısa problemin olmadığını söylədilər. Pis vəziyyətdə olan əsas medallar Həsrət və Qaşımda idi”.

Xatırladaq ki, tekvondoçu Qaşım Maqomedovun gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərovun isə bürünc medalı yenilənib və təqdimat mərasimdə hər iki idmançıya yeni mükafatlar rəsmi şəkildə təqdim olunub.

Seçilən
25
4
azertag.az

5Mənbələr