AZ

"Müharibənin yaxın perspektivdə başa çatması hələ məhduddur" - ŞƏRH

"Rusiya ilə Ukrayna arasında artıq uzunmüddətli xarakter almış müharibənin yaxın perspektivdə başa çatacağına dair ümidlər bir neçə paralel prosesdən qaynaqlanır, lakin bu ümidlərin hər biri eyni zamanda ciddi məhdudiyyətlərlə müşayiət olunur. İlk növbədə, hər iki tərəfin resurslarının tədricən tükənməsi faktoru ön plana çıxır. Müharibə yalnız hərbi deyil, həm də iqtisadi və demoqrafik müstəvidə böyük yük yaradır və uzunmüddətli perspektivdə bu yükün davam etdirilməsi çətinləşir".

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Ukrayna üçün infrastrukturun genişmiqyaslı dağıdılması və iqtisadi asılılığın artması, Rusiya üçün isə sanksiyaların təsiri və texnoloji məhdudiyyətlər müəyyən həddən sonra kompromis axtarışını rasional seçimə çevirə bilər: "Bununla belə, təkcə “yorğunluq faktoru” da müharibəni avtomatik dayandırmır. Təcrübə göstərir ki, tərəflər strateji məqsədlərinə nail olacaqlarına inandıqları müddətdə, hətta ağır itkilər fonunda belə, münaqişəni davam etdirməyə meylli olurlar. Bu kontekstdə əsas məsələ tərəflərin qələbə və ya məğlubiyyət anlayışını necə müəyyənləşdirməsidir. Əgər hər iki tərəf üçün qəbul edilə bilən minimum nəticə formalaşarsa, danışıqlar üçün real zəmin yarana bilər. Hazırkı mərhələdə isə bu minimumların hələ də bir-birindən kifayət qədər uzaq olduğu müşahidə olunur ki, bu da münaqişənin uzanmasının əsas səbəblərindən biridir.

Ümid yaradan digər mühüm amil beynəlxalq mühitdə artan “idarə olunan sabitlik” ehtiyacıdır. Qlobal iqtisadi sistem, enerji bazarları və təhlükəsizlik arxitekturası bu müharibədən birbaşa təsirləndiyi üçün böyük güclər arasında müəyyən balansın bərpasına maraq artır. Bu, xüsusilə Avropa üçün aktualdır, çünki müharibənin davamı həm enerji təhlükəsizliyi, həm də iqtisadi sabitlik baxımından ciddi risklər yaradır. Bu səbəbdən müxtəlif diplomatik platformalarda atəşkəs və ya “dondurulmuş münaqişə” variantları daha çox müzakirə olunur. Bu tip ssenarilər tam sülh olmasa da, aktiv döyüşlərin dayandırılması baxımından keçid mərhələsi rolunu oynaya bilər.

Beynəlxalq ictimaiyyətin rolu isə ikili xarakter daşıyır. Bir tərəfdən, bir sıra ölkələr və təşkilatlar Ukraynaya hərbi, maliyyə və humanitar dəstək verərək onun müqavimət qabiliyyətini artırır və bu, danışıqlarda mövqeyini gücləndirir. Digər tərəfdən, eyni aktorlar diplomatik kanallar vasitəsilə eskalasiyanın qarşısını almağa və tərəfləri danışıqlara təşviq etməyə çalışırlar. Lakin burada əsas məhdudiyyət ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət vahid və koordinasiyalı mövqe nümayiş etdirməkdə çətinlik çəkir. Müxtəlif ölkələrin maraqları və prioritetləri fərqli olduğu üçün vahid təzyiq mexanizmi formalaşmır.

Eyni zamanda, beynəlxalq sistemin parçalanması da bu münaqişənin həllini çətinləşdirir. Qərb ölkələri ilə digər güc mərkəzləri arasında artan rəqabət fonunda bu müharibə qismən daha geniş geosiyasi qarşıdurmanın elementi kimi çıxış edir. Bu isə o deməkdir ki, münaqişənin həlli təkcə Moskva və Kiyev arasında razılaşmadan deyil, həm də daha geniş güc balansının necə formalaşacağından asılıdır. Əgər böyük güclər arasında müəyyən razılaşma və ya “qırmızı xətlərin” qarşılıqlı tanınması baş verərsə, bu, münaqişənin yumşaldılması üçün əlavə imkanlar yarada bilər.

Odur ki, yaxın gələcəkdə müharibənin tam və dayanıqlı sülhlə başa çatması ehtimalı hələ də məhduddur, lakin atəşkəs və ya münaqişənin intensivliyinin azalması istiqamətində müəyyən imkanlar mövcuddur. Bu imkanlar əsasən tərəflərin resurslarının tükənməsi, qlobal sabitlik ehtiyacı və beynəlxalq aktorların artan diplomatik fəallığı ilə bağlıdır. Lakin həlledici faktor yenə də tərəflərin siyasi iradəsi və kompromisə hazır olub-olmamasıdır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
21
1
sia.az

2Mənbələr