İranla ABŞ–İsrail arasında elan olunan atəşkəs ilk baxışda gərginliyin səngiməsi təsiri yaratsa da, əslində bu mərhələ münaqişənin daha mürəkkəb və çoxqatlı yeni fazaya keçidini ifadə edir. Türkiyəli hərbi ekspert və strateji təhlilçi Abdullah Ağar bu prosesi yalnız hərbi müstəvidə deyil, həm də geosiyasi, psixoloji və sistem səviyyəsində dəyərləndirərək vurğulayır ki, atəşkəs savaşın sonu deyil, onun forma dəyişdirdiyi andır.
Musavat.com Abdullah Ağarın təhlili əsasında hazırlanan geniş yazını oxucularına təqdim edir.
Atəşkəs, əslində, müharibənin bitdiyi yox, idarəolunmaz həddə çatmamış dayandırıldığı andır. Belə məqamlarda hər iki tərəf “qalib mən oldum” deyir, qarşı tərəfi isə “atəşkəsə məcbur edilmiş” kimi təqdim etməyə çalışır. Ortaya çıxan sənədlər, şərtlər və siyasi mesajlar arasında isə sadəcə fərq yox, dərin strateji uçurumlar olur. Buna görə də İranla ABŞ–İsrail arasında əldə olunan atəşkəsi klassik mənada sülhün başlanğıcı kimi yox, müharibənin yeni mərhələyə keçidi kimi oxumaq lazımdır.
Çünki atəşkəs silahların susması demək deyil. Bu, məqsədlərin, qüvvə düzümünün, doktrinanın və strateji yanaşmaların yenidən qurulması deməkdir. Eyni zamanda, ehtiyac duyulan zamanın satın alınmasıdır. Müharibədən yorulan tərəflər bu zaman nəfəs alır, geri çəkilib itkilərinə, zəifliklərinə, dağılan sistemlərinə baxır. Ancaq bu nəfəs dərmə çox zaman sülh üçün olmur. Əksinə, yenidən yerləşmək, silahlanmaq, zəif nöqtələri aradan qaldırmaq, dağılanı bərpa etmək, itkiləri tamamlamaq, yeni ittifaqlar qurmaq, rəqibin zəif yerlərini analiz etmək və yeni planlar hazırlamaq üçün istifadə olunur. Başqa sözlə, atəşkəs dayanmamaqdır; sadəcə görünən hərəkətin yerini görünməyən hazırlıq alır.
Bu səbəbdən atəşkəs həm də informasiya müharibəsinin yeni başlanğıcıdır. İsti savaş dayanır, amma informasiya savaşı güclənir, media savaşı yeni formaya keçir, diplomatik mübarizə kəskinləşir, kəşfiyyat qarşıdurmaları dərinləşir, psixoloji savaş isə daha da təsirli hala gəlir. Hər iki tərəf “qalib mənəm, amma mən dayandım” tezisini qabartmağa başlayır. Ona görə də atəşkəsdən sonra əsas məsələ artıq mətnlərin özü deyil, bu mətnlərin arxasında qurulan narrativlər və atılan real addımlar olur. Bu mərhələdə həqiqətin özü yox, həqiqətin kimə aid olduğu barədə yaradılan təsəvvür savaşın əsas cəbhəsinə çevrilir.
Abdullah Ağarın diqqət çəkdiyi başqa mühüm məqam budur ki, atəşkəslə müharibə bitmir, sadəcə görünməz hala keçir və daha təhlükəli formaya çevrilir. Açıq qarşıdurma dayanmış kimi görünə bilər, ancaq arxa planda yeni bağlar qurulur, yeni aktorlar hərəkətə gətirilir, indiyədək kölgədə qalan qüvvələr daha fəal rol oynamağa başlayır. Bu mərhələdə savaş artıq mərkəzdən ətrafa doğru yox, ətrafdan mərkəzə doğru yönəlir. Açıq müharibə rejimini gizli rəqabət və asimmetrik mübarizə əvəz edir. Bu isə daha təhlükəlidir, çünki görünmür, izlənməsi çətinləşir və zərbə anı əvvəlcədən hesablana bilmir.

Ağarın fikrincə, atəşkəsin ən real təhlili bir sualla aparılmalıdır: kim bu atəşkəsə daha çox ehtiyac duydu? Çünki buna ehtiyac duyan tərəf zəif görünə bilər, amma bəzən də bu, daha böyük hücum öncəsi planlı və şüurlu dayanma mərhələsi olur. Buna görə də atəşkəs sülhün yox, balansın və mövqelərin dəyişdiyini göstərir. O, nəticə deyil; yeni oyunun başlanğıc konfiqurasiyasıdır.
Ən təhlükəli atəşkəs növü isə məcburi, lakin müvəqqəti atəşkəsdir. Bu cür mərhələdə tərəflər sülh istəmir, sadəcə müharibə artıq müharibənin öz sərhədlərini aşır, risklər idarəolunmaz həddə yüksəlir, tərəflər isə həm yorulur, həm də əvvəlki tempdə savaşma imkanını itirirlər. Belə hallardan sonra isə çox vaxt daha böyük toqquşma gəlir. İranla ABŞ–İsrail arasında qarşılıqlı təhdidlərdə gizlənən yük də məhz budur. Belə atəşkəslər, əslində, yığılmış enerjinin daha güclü partlayışla geri dönəcəyi fasilələrdir.
İran–ABŞ atəşkəsini də məhz bu çərçivədə dəyərləndirmək lazımdır. Abdullah Ağara görə, bu, klassik dayanma deyil, çoxqatlı yenidən mövqe tutmadır. Eyni zamanda, hər iki tərəfin idarəetmə limitinə çatdığını qəbul etdiyi andır. Çünki bu atəşkəs daimi sülh deyil, sülhə aparan yol da deyil. O, etibar yaratmır, böhranın bitdiyini göstərmir. Çünki burada mübahisə sərhədlər uğrunda deyil. Məsələ sistem məsələsidir, Yaxın Şərqin ittifaq quruluşunun necə formalaşacağı məsələsidir, region üzərindən qlobal düzənin necə qurulacağı məsələsidir. Burada Asiyanın gələcəyi, Türkiyənin hansı sistem içində yerləşdiriləcəyi, İsrailin təhlükəsizlik arxitekturasının hansı səviyyədə rəsmiləşəcəyi, Çin və Rusiyanın necə əngəllənəcəyi kimi daha dərin strateji məsələlər var. Bu baxımdan qarşıdurma coğrafi yox, ideoloji, geosiyasi, teopolitik və sistem xarakterlidir.
Atəşkəsin əsl mənası burada “idarə olunan donma” kimi ortaya çıxır. Səngərdə təmas azala bilər, ancaq proksi qüvvələr aktiv qalır, kiberhücumlar artır, iqtisadi təzyiq davam edir, kəşfiyyat savaşı dərinləşir. Yəni müharibə dayanmır, sadəcə görünməz olur.
Bu mərhələdə tərəflərin ehtiyacları da fərqlənir. Ağır zərbələr almış, sistem daxilində qırılmalar yaşamış İran qərar və icra mexanizmlərini bərpa etməyə, yaralarını sarımağa, yeni xarici dəstək və transfer kanalları axtarmağa, zədələnmiş savaş mexanizmini yenidən işlək vəziyyətə gətirməyə çalışır. İran eyni zamanda strateji mövcudluğunu daha qorunan, daha gizli və daha möhkəmləndirilmiş formaya salmaq, qırılmış komanda-idarəetmə xətlərini birləşdirmək, daxili iqtisadi təzyiqi balanslaşdırmaq, rejim daxilində konsolidasiyanı təmin etmək və regional proksi şəbəkəsini daha təsirli şəkildə təşkil etmək istəyir.
ABŞ isə başqa bir reallıqla üz-üzədir. O, yorulmuş, gərilmiş, qarşıya qoyduğu hədəflərə istədiyi zaman intervalında çata bilməmiş, savaşın nəzarətdən çıxması riski ilə qarşılaşmış, gözlənilməzlik və hesablanmayan xərclərlə üzləşmiş durumdadır. Belə şəraitdə Vaşinqton çoxcəbhəli yükü azaltmaq, Çin mərkəzli strategiyaya daha çox sahə açmaq, birbaşa və genişmiqyaslı müharibə riskini məhdudlaşdırmaq istəyir. ABŞ-ın əsas qorxusu məğlubiyyət deyil; qalib gəlsə belə nəzarət edə bilməyəcəyi bir savaş formasının meydana çıxmasıdır. Çünki nəzarətsiz xaos zəncirvari reaksiyalara, sistemdənkənar zorakılığın yayılmasına, müttəfiqlər daxilində qırılmalara və qlobal sistemdə rəqib aktorların hərəkətə keçməsinə səbəb ola bilər.
Burada ən kritik nəticə isə budur: ortada savaşı bitirmək istəyən tərəf yoxdur. Sadəcə zamanı, savaşın formasını və məqsədini idarə etmək istəyən tərəflər var. Və bu tərəflər yalnız birbaşa savaşan qüvvələrlə məhdudlaşmır. Hamı görür ki, ABŞ bu savaş üzərindən təkcə İranı və Yaxın Şərqi deyil, daha geniş mənada bütün qlobal sistemi öz maraqları istiqamətində yenidən dizayn etməyə çalışır.
Abdullah Ağar hesab edir ki, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu da artıq bir mühüm həqiqəti görürlər: İran ABŞ və İsraili müharibəni böyütməklə hədələmir, müharibəni idarəolunmaz hala gətirməklə hədələyir. Bunun strateji mənası çox böyükdür. Bu, “nəzarət edən qalib gəlir” çağından “nəzarəti pozan müəyyən edir” çağına keçid deməkdir. Çünki İran artıq klassik üstünlük və ənənəvi müqavimət şüarları ilə deyil, zəiflik mühəndisliyi ilə danışır. Yəni o, ABŞ və İsrailə belə mesaj verir: “Sizin güclü olduğunuz yerdə qarşınıza çıxmayacağam; zəif, həssas və bağlı olduğunuz nöqtələrdən zərbə vuracağam, təkcə qurmaq istədiyiniz regional nizamı deyil, qlobal düzəninizi də poza bilərəm”.
Bu mənzərədə ən təhlükəli illüziya “hər şey sakitləşir” təsəvvürüdür. Abdullah Ağar bunu “saxta stabillik” adlandırır. Yəni böyük fırtına öncəsi səssizlik. Səthdə sakitlik varmış kimi görünə bilər, amma dərinlikdə daha mürəkkəb və daha təhlükəli dinamika formalaşır.
Bu tip atəşkəs Türkiyə üçün də, Azərbaycan üçün də arxayınlıq yox, yüksək ayıqlıq çağırışıdır. Belə şəraitdə strateji və geosiyasi radarlar açıq qalmalıdır. Passiv müşahidəçi olmaq və ya hansısa oxun arxasınca getmək yox, aktiv balans yaradan, sistem quran rol üzərinə götürülməlidir. Çünki bu mühit risklərin azalması yox, qeyri-müəyyənliyin və asimmetriyanın artması deməkdir. Təzyiq birbaşa yox, dolayı yollarla gələ bilər. Böhran Güney Qafqazda, regionun lap yaxınlığında, hətta daxildə hiss oluna bilər. Bu cür krizislər sıçrayış effekti ilə yayılır, enerji və təhlükəsizlik xətləri daha həssas vəziyyətə düşür, cəmiyyət daxilində həssas nöqtələr qaşınır, parçalanma cəhdləri yoxlanılır.
Abdullah Ağarın ümumi nəticəsi belədir: İran–ABŞ atəşkəsi silahların susduğu yox, savaş ağlının dərinləşdiyi andır. Bu tip atəşkəslərdə müharibə bitmir; sadəcə bitmə ümidi belə bir silaha çevrilir. Dəyişən savaşın xəritəsi yox, onun məntiqidir. Və bu məntiq də artıq savaşın harada olacağını yox, necə olacağını müəyyənləşdirir.
Bununla belə, bütün bu qaranlıq mənzərənin içində Abdullah Ağar bir ümid işarəsi də görür. Onun fikrincə, atəşkəsdən əvvəl və atəşkəsə səbəb olan şəraitdə, savaş hədəflərinə tam çatmasa belə, onu dayandıra biləcək bir ümid meydana çıxıb. Müharibənin yaratdığı risk o qədər böyüyüb ki, bu risk bəlkə də bir savaşı yox, min savaşı dayandıra biləcək gücə malikdir. İndi əsas sual budur: bunu görən tərəflər bu fikri necə idarə edəcəklər?
Musavat.com