AZ

Daşkənddə Əmir Teymura həsr olunmuş konfransın plenar iclasının ikinci hissəsi başa çatıb

Özbəkistanın paytaxtı Daşkənddə Əmir Teymurun anadan olmasının 690-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın plenar iclasının ikinci hissəsi başa çatıb.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin məlumatına görə, plenar iclasın ikinci hissəsində beynəlxalq təşkilatların, elmi qurumların nümayəndələri çıxış edərək mədəni və elmi əməkdaşlığın inkişafı məsələlərini, eləcə də tarixi irsin müasir dünya üçün əhəmiyyətini müzakirə ediblər.

ICESCO-nun tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov bildirib ki, təşkilat Bakıdakı regional ofis vasitəsilə region ölkələri ilə əməkdaşlığı gücləndirir.

"Bakıdakı regional ofisimiz 2025-ci ilin aprelində açılıb. O, Özbəkistan da daxil olmaqla Mərkəzi Asiyanı əhatə edir, təhsil, elm, mədəniyyət və irs sahələrində milli tərəfdaşlarla sıx qarşılıqlı fəaliyyət göstərərək davamlı regional əməkdaşlıq üçün əlaqələndirmə mərkəzi rolunu oynayır", - Kərimov deyib.

Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti Muzaffer Şeker çıxışında Teymurilər dövrünün intellektual və elmi inkişafın yüksək səviyyəyə çatdığı dövr kimi əhəmiyyətini vurğulayıb.

"Biz Teymurilər dövrü haqqında danışanda, tarixdə intellektual enerjinin ən yüksək təmərküzləşmə dövrlərindən birini nəzərdə tuturuq", - o əlavə edib.

"Əl-Furqan" İslam İrsi Fondunun icraçı direktoru Sali Şahsivari qeyd edib ki, konfrans regionun elmi və mədəni irsinə yeni baxış bucağından nəzər salmağa imkan yaradır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova konfransın beynəlxalq əməkdaşlığın inkişafındakı rolunu vurğulayıb. "Bugünkü tədbir dünya tarixinə təsir göstərmiş sivilizasiyaların və Əmir Teymurun rolu və irsinin dərindən dərk edilməsinə həsr olunub", - o qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türk dünyası çərçivəsində Azərbaycan və Özbəkistanın mövqelərinin birliyini və ölkələr arasında mədəni əməkdaşlığın vacibliyini qeyd edib.

Seçilən
6
far.az

1Mənbələr