Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan bərpa olunan enerji sektorunun inkişafı və dekarbonizasiya
hədəflərinə nail olmaq istiqamətində mühüm addım ataraq, Beynəlxalq Bərpa
Olunan Enerji Sertifikatları sistemi I-REC(E) mexanizmini tətbiq etməyə
başlayır.
AZXEBER.COM xəbər verir ki, bu təşəbbüs ölkənin uzunmüddətli enerji strategiyası ilə birbaşa vəhdət
təşkil edərək, Azərbaycanın bərpa olunan enerji üzrə hədəflərinə çatmasına
xidmət edir. Belə ki, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını
40% azaltmağı və 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan
mənbələrin payını 30%-ə çatdırmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə,
beynəlxalq səviyyədə tanınan, şəffaf və izlənilə bilən I-REC mexanizminin
tətbiqi yalnız dekarbonizasiya proseslərini dəstəkləmir, eyni zamanda bərpa
olunan enerji mənbələri şəbəkəsinin rəqəmsallaşdırılmasına və enerji
axınlarının daha dəqiq izlənməsinə mühüm töhfə verir.
I-REC(E) sistemi məhz bu ehtiyacı qarşılayan qlobal mexanizmdir. Bu sistem
çərçivəsində təqdim olunan sertifikatlar elektrik enerjisinin bərpa olunan
mənbələrdən istehsal olunduğunu təsdiq edir və beynəlxalq bazarlarda sərbəst
şəkildə ticarət edilə bilir. Hər bir I-REC sertifikatı 1 1 MVt saat bərpa
olunan elektrik enerjisinə bərabərdir və bu enerji istehlakçılarına öz karbon
izlərini, xüsusilə "Scope 2” emissiyalarını effektiv şəkildə idarə etməyə imkan
verir.
Eyni zamanda, bu mexanizm alternativ enerji müəssisələrinin beynəlxalq
platformada "yaşıl enerji istehsalçısı” kimi qeydiyyatdan keçməsinə imkan
yaradır və onların istehsal etdiyi enerjinin dəyərini qlobal bazar səviyyəsində
tanınan şəkildə artırır.
Qeyd etmək vacibdir ki, I-REC qlobal mexanizmi I-TRACK Fondu tərəfindən
idarə olunur və sistem Evident Registryüzərindən fəaliyyət göstərir. Bu platforma vasitəsilə I-REC sertifikatları
beynəlxalq standartlara uyğun olaraq qeydiyyata alınır, izlənilir və emissiya
olunur.
Azərbaycanda bu sistemin tətbiqi ilə ilk dəfə olaraq yerli bərpa olunan
enerji istehsalçıları və müəssisələr birbaşa akkreditə olunmuş Yerli
Qeydiyyatçıya müraciət edərək həm yaşıl enerji müəssisələrini beynəlxalq
platformada qeydiyyatdan keçirə, həm də sertifikatlaşdırma prosesindən keçə
biləcəklər. Bu isə prosesi daha əlçatan, operativ və şəffaf edir, eyni zamanda
yerli bazarın inkişafına və ixraca əlavə stimul verir.
Bu çərçivədə İnvestBaku ölkədə ilk akkreditə olunmuş Yerli Qeydiyyatçı kimi
fəaliyyətə başlayaraq, I-REC(E) sertifikatlarının qeydiyyatı və emissiyası
xidmətlərini təqdim edir. Şirkət bu sahədə beynəlxalq standartlara uyğun xidmət
göstərməklə yanaşı, həm yerli istehsalçıların, həm də korporativ enerji
istehlakçılarının qlobal yaşıl enerji bazarına inteqrasiyasını dəstəkləyəcək.
Yeni mexanizmin tətbiqi Azərbaycanda bərpa olunan enerji aktivlərinin
dəyərinin artırılmasına, investisiya cəlbediciliyinin yüksəlməsinə və ölkənin
regional "yaşıl enerji” mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edir.
www.investbaku.az
https://www.trackingstandard.org/issuers/
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.