AZ

İranda səssiz savaş: Atəşkəsin arxasında nələr var?

Yaxın Şərqdə formalaşan mürəkkəb geosiyasi mənzərə fonunda İranda elan olunmuş qısamüddətli atəşkəs regionda nisbi sabitlik təəssüratı yaratsa da, proseslərin mahiyyəti daha dərin siyasi və institusional dəyişiklik ehtimallarını gündəmə gətirir. Mövcud vəziyyət həm daxili idarəetmə balansının, həm də xarici aktorlarla münasibətlərin yenidən qiymətləndirilməsini zəruri edir. Bu kontekstdə İranın gələcək siyasi kursu və idarəetmə modelinin transformasiya perspektivləri xüsusi diqqət mərkəzindədir.

Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-İran qarşıdurması fonunda iki həftəlik atəşkəs əldə olunub və danışıqların İslamabadda davam etdirilməsi nəzərdə tutulur:

“Yaxın perspektivdə İranda rejim dəyişikliyi gözlənilmir və mövcud hakimiyyət sistemi öz mövqeyini qoruyacaq. Müharibənin ölkə əhalisinə ciddi təsir göstərməsinə baxmayaraq, cəmiyyətin qısa müddətdə kütləvi şəkildə rejimə qarşı çıxış edəcəyi ehtimalı zəif qiymətləndirilir. Bununla belə, sosial-iqtisadi sahədə zəruri islahatlar həyata keçirilməzsə, daxili narazılığın artaraq hakimiyyətə təzyiqə çevrilə biləcəyi vurğulanır.

Xarici müdaxilə hallarında əhali daha çox dövlət mövqeyini dəstəkləməyə meyllidir. Bu baxımdan, ölkə daxilində idarəetmə strukturunun təkmilləşdirilməsi və institusional islahatların aparılması qaçılmaz görünür. Hazırkı şəraitdə əsas təsir rıçaqları daha çox SEPAH-ın əlində cəmlənib, prezident və hökumətin səlahiyyətləri isə nisbətən məhduddur”.

Politoloqun sözlərinə görə, mövcud təzyiqlər fonunda prezident institutunun səlahiyyətlərinin artırılması ehtimalı istisna edilmir ki, bu da konstitusiya dəyişiklikləri ilə mümkün ola bilər:

“İran rəhbərliyi yeni geosiyasi reallıqları nəzərə alaraq idarəetmədə çevik və mərhələli islahatlara getməlidir. Eyni zamanda, ABŞ-la aparılacaq danışıqlarda uzunmüddətli razılaşma əldə olunarsa, iqtisadi sanksiyaların yumşaldılması ölkənin daxili sabitliyinə və rejimin davamlılığına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, SEPAH daxilində kadr dəyişiklikləri və əvvəlki nəsil hərbi elitanın zəifləməsi yeni yanaşmaların formalaşmasını zəruri edir. Yeni hərbi-siyasi aktorların mövcud reallıqlara uyğun qərarlar verməsi vacib hesab olunur. Prezident və onun komandası da bu prosesdə daha fəal rol oynamağa çalışır, çünki idarəetmədə daha geniş səlahiyyətlərin əldə olunması ölkənin inkişaf istiqamətində islahatların sürətləndirilməsinə imkan verə bilər.

Əgər SEPAH hakimiyyət səlahiyyətlərini tam şəkildə mülki hökumətə ötürməzsə, ölkədə sosial-iqtisadi vəziyyətin daha da gərginləşməsi mümkündür. Bu isə uzunmüddətli perspektivdə ictimai narazılığın yenidən artmasına səbəb ola bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr