AZ

Subasmalar həyət evlərinin qiymətinə necə təsir edib? AÇIQLAMA

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, son günlərdə xüsusilə Bakı və Abşerona yağan intensiv yağışlar subasmalara səbəb oldu və həyət evlərində yaşayanlara ciddi zərər dəydi. Bəs bu hadisələrdən sonra həyət evlərinin qiymətində azalma müşahidə oluna bilərmi? Hansı bölgələrdə yerləşən evlərdə qiymət enməsi daha çox ehtimal edilir? Ümumiyyətlə, bu yağışların fəsadları daşınmaz əmlak bazarına necə təsir göstərə bilər? Fürsətdən istifadə edərək tikinti materiallarının qiymətində artım baş verə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc vurğuladı ki, yağışlar fərdi yaşayış evlərinə çox ciddi ziyan vurub və təbii ki, bunun aradan qaldırılması müəyyən müddət tələb edəcək:

"Yaşayış evlərinin qiyməti, yəni söhbət fərdi yaşayış evlərindən gedirsə, bu təbii fəlakətlər və yaxud da baş verən hər hansı problem daşınmaz əmlak bazarına müvəqqəti təsir göstərir və adətən bir müddət sonra problem həll olunandan sonra bu təsir aradan çıxır. Məsələn, qardaş Türkiyə Respublikasında zəlzələ baş verib. Həmin dövrdə daşınmaz əmlak qiymətləri, binaların tamamilə dağıldığı ərazilərdə müəyyən qədər azalmış, həmin ərazilərə müraciətlər də aşağı düşmüşdü. Müəyyən müddət keçəndən sonra vəziyyət bərpa olunub. Bu cür hadisələr birmənalı şəkildə ictimai rəyə təsir göstərir, lakin sonradan unudulur və daşınmaz əmlak bazarı Azərbaycanda, xüsusilə Bakı şəhərində o qədər həssas deyil ki, bu tip hadisələrdən sonra ciddi kataklizmlər yaşansın".

Müsahibimizin sözlərinə görə, həmin ərazilərə bir müddət müraciət olunmayacaq, vətəndaşlar öz seçimlərinə korrektə edəcək, torpaq alarkən və ya fərdi yaşayış evi əldə edərkən daha diqqətli olmağa çalışacaq.

"Bu da yanaşmalarda müəyyən dəyişikliklərin baş verməsinə səbəb olacaq. Bu baxımdan qiymət azalması müvəqqəti xarakter daşıya bilər və müəyyən mənada eniş ola bilər. Adətən qiymətlərin stabilləşməsi daha çox ehtimal olunur. Bazara təsirə gəlincə, müəyyən müddət bazara təsir göstərəcək, lakin bir müddətdən sonra daşınmaz əmlak bazarında vəziyyət əvvəlki qaydada davam edəcək. Ümumilikdə artım tendensiyası bu cür hadisələrə görə ciddi şəkildə təsirlənmir və artım tendensiyası bundan sonra da davam edir.

Fürsətdən istifadə edərək tikinti materiallarının qiyməti də arta bilər. Onsuz da fevralın sonu və martın əvvəlində tikinti materiallarının qiyməti hər il mövsümi olaraq yüksəlir. Hazırda tikintiyə böyük zəruri ehtiyac var. Həm Zəngəzur, Şərqi Zəngəzur və Qarabağ ərazilərində infrastrukturun bərpası, həm də Bakıda söküntü işlərinin və yeni tikinti proseslərinin başlanması buna təsir göstərir. Bu hadisə əlavə olaraq tikinti bazarına müraciət üçün əsaslar yaradır və nəticədə qiymətlərin artması mümkündür", - deyə V.Oruc qeyd etdi.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
redaktor.az

2Mənbələr