AZ

Xankəndi haqda ŞƏRLƏMƏ “HESABAT”

Qarabağın "mədəni irsini" izləyən monumentwatch.org saytı xəbərdarlıq edib ki, Xankəndi guya "vandalizm siyasətinin mərkəzi"nə çevrilib. Tribuna.az məlumat verir ki, sayt Azərbaycana böhtan ataraq son illər Xankəndinin "mənimsənildiyini, təhqir olunduğunu, islamlaşdırıldığını və birbaşa dağılmaya məruz qaldığını" iddia edib.

Bildirilib ki, "Erməni soyqırımı və Artsaxın qəhrəmancasına döyüşləri xatirəsinə ucaldılmış abidələr dağıdılıb. 2015-ci ildə erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış zəng qülləsi abidəsinin yanındakı divardakı erməni yazısı silinib".

Həmçinin keçmiş qondarma qurumun fəaliyyət göstərdiyi binaların söküldüyü, heykəllərin götürüldüyü qeyd olunub. Ancaq separatçıların mediası geniş mətndə uydurmalara yol verərkən, Xankəndinin Azərbaycan şəhəri olduğunu unudub. Bu şəhərdə terrorizmin, separatizmin simvolları qala bilməz. Və qərarı da Azərbaycan dövləti verir. Separatçılar isə hələ də saxta tarixdən qopa bilmirlər.

Ümumən son zamanlar ermənilər Qarabağdakı erməni nişanələri haqda yalan məlumatları artırıblar. Bunun səbəbi nədir və hansı rəyi yaratmaq istəyirlər?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-da diqqətlərə çatdırdı ki, erməni revanşistləri və separatçı tör-töküntüləri hələ də öz bədnam təxribatçı və düşmənçilik mövqelərindən əl çəkə bilmirlər: "Onların xəstə təfəkkürləri və illər uzunu beyinlərinə yeridilən zərərli ideologiya reallıqları görmək və tarixi doğru düzgün qiymətləndirmək hislərini itirib. Xankəndi adından da göründüyü kimi, Azərbaycan yaşayış məskənidir və hətta Moskvanın milli tərkibi dəyişməklə, tarixi izləri bilməklə bağlı sistemli siyasəti buranı erməniləşdirmədi. 1988-ci ildən başlayaraq Azərbaycana qarşı işğalçı müharibə nəticəsində Kremlin də köməyi ilə ermənilər onlara heç vaxt aid olmayan əraziləri ələ keçirdilər. Keçmiş Dağlıq Qarabağ erməni terrorunun və separatizminin yuvalarından birinə çevrildi. İşğal altında qalan ərazilərdə yerləşən abidələrimiz, müqəddəs məkanlarımız maddi mədəniyyət nümunələrimiz, nadir eksponatlarımız dağıdıldı, məhv edildi, oğurlandı, öz adlarına çıxıldı. Dəfələrlə Azərbaycan rəsmi olaraq bu vandalizmin durdurulması üçün beynəlxalq təşkilatlara müraciət etsə də, buna məhəl qoyulmadı. Bütöv bir mədəniyyətin yer üzündən silinməsinə göz yumuldu. Ermənistan deyilən ərazilərdə belə cinayətkar hərəkətlər Kremlin xeyir duası ilə həyata keçirilirdi.

44 günlük müharibədən və 2023-cü ildəki bir günlük uğurlu anti terror əməliyyatlarından sonra nəhayət ki, Xankəndi və digər yaşayış məskənləri öz sahiblərinə qaytarıldı. Tikinti quruculuq işləri aparılmaqdadır. Ermənilər tərəfindən doğma yurd-yuvalarından qovulan məcburi köçkünlər yenidən öz yerlərinə qayıdır. Bir zamanlar dünyanın ən təhlükəli, ən qorxunc və kriminal şəhərlərindən biri sayılan Xankəndi sürətlə abadlaşdırılır, cənnətə çevrilir. Belə olan halda, orada separatizm və terroru xarakterizə edilən nə varsa sökülməsi qanunu və vacibdir. Erməni separatçı qalıqları və revanşistlər anlamalıdır ki, həm beynəlxalq hüquqda, həm də Azərbaycanın qanunvericiliyində separatizm və terrorizm bəşəri cinayət sayılır.

Eyni zamanda separatizm və terrorizmi yaymaq, dəstəkləmək, maliyyələşdirmək, təbliğ və onun simvollar istifadə etmək də ağır suç hesab edilir. Azərbaycan etməli olduğunu edir. Erməni mediasında və bəzi internet platformalarında separatizmə və terrorçuluğa çağırışlar, düşmənçilik yayan məlumatlar sülh platformasına və cəmiyyətdə normallaşma mühitinin formalaşmasına maneçilik cəhdləridir. Erməni baş nazir Nikol Paşinyan və komandası qondarma “artsax” ifadəsinin ziyanlı olduğunu və unudulmasının vacibliyini dəfələrlə vurğulayıb. Düşünürəm ki, belə platformalar və resurslar məhduddur və bir mərkəzdən, Cənubi Qafqazda sabitliyə, əmin-amanlığa və inkişafa əngəl olmağa çalışan xarici və daxildəki qüvvələr tərəfindən idarə olunur. Bunun də bədənini İrəvan ödəyəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr