AZ

Azərbaycanlı milyarder Rusiyada biznesini genişləndirir

Sankt-Peterburqda tarixi “Nikolskı sıraları” kompleksinin yeni sahibləri Qasımov ailəsi olub...

Sankt-Peterburqda Sadovaya küçəsi 62 ünvanında yerləşən tarixi “Nikolskı sıraları” binalarının sahibi dəyişib. Rusiya mənbələrinin məlumatına görə, obyektin yeni sahibləri milyarder və Milli Məclisin sabiq deputatı Əsabil Qasımovun ailə üzvləri olub.

Nikolskı bazarı (Nikolskı sıraları) 1789-cu ildə inşa edilmiş ticarət binasıdır və layihənin memarının adı tarixdə qorunub saxlanmayıb.

Əvvəllər “Nikolskı sıraları” ASC-nin yeganə səhmdarı olmuş MK MMC “İmrixold Limited” şirkətinin illik hesabatına əlavə olunan izahatda qeyd olunur ki, 2025-ci ilin iyun ayında cəmiyyətin bütün səhmləri “Sanatoriy İstoçnik” MMC və “Ekspo” MMC-yə satılıb. Sövdələşmənin dəyəri 2,85 milyard rubl (təxminən 37 milyon dollar) təşkil edib.

Milyarder Əsabil Qasımov Rusiyanın tarixi obyektlərinə də sərmayə qoyur

“Sanatoriy İstoçnik” MMC Şamama Qasımovaya, “Ekspo” MMC isə Taleh Qasımova məxsusdur.

Taleh Qasımov Asabil Qasımovun oğludur və ailə biznes imperiyasının rəhbərlərindən biri hesab olunur. Şamama Alış qızı Qasımovanın oliqarxla qohumluq dərəcəsi barədə açıq mənbələrdə dəqiq məlumat yoxdur, lakin Rusiya sənədlərində o, “Podolski un zavodu” MMC-nin təsisçisi kimi qeyd olunur.

Sadovaya küçəsi 62 ünvanında yerləşən keçmiş Nikolskı bazarının binasını Venture Investments & Yield Management (VIYM) şirkəti 2010-cu ildə hərracda əldə etmişdi. Kompleksin yenidən qurulması 2018-ci ildə başa çatıb. Layihənin birinci mərhələsində Holiday Inn Express və Meininger hotelləri, həmçinin Hard Rock Cafe açılıb. Daha sonra daxili həyətdə ictimai məkan yaradılıb.

2020-ci ildə Meininger brendi layihəni tərk edib, iki il sonra isə Holiday Inn brendinə sahib olan Britaniyanın InterContinental Hotels Group (IHG) şirkəti Rusiya bazarından çıxdığını elan edib. Hazırda “Nikolskı sıraları” kompleksində hotellər “Teatralnaya ploşad” və “Ekspress Sadovaya” adları ilə fəaliyyət göstərir.

2025-ci ilin yekunlarına görə, “Nikolskı sıraları” ASC-nin gəlirləri 632,9 milyon rubl təşkil edib, xalis zərər isə 61,7 milyon rubl olub.

Qeyd edək ki, obyektin sahiblərinin dəyişməsi barədə əvvəllər “Delovoy Peterburq” nəşri də öz mənbələrinə istinadən məlumat yaymışdı.

MK MMC “İmrixold Limited” şirkəti ənənəvi olaraq keçmiş Rusiya Dəmir Yolları rəhbəri Andrey Yakuninin oğluna məxsus VIYM fondu ilə əlaqələndirilirdi. Lakin 2024-cü ildə fondun mətbuat xidməti rəsmi şəkildə bəyan edib ki, artıq “Nikolskı sıraları” ilə əlaqəsi yoxdur.

Asabil Qasımov Azərbaycandakı aktivlərlə yanaşı, Rusiyada da geniş biznes maraqlarına malikdir. Onun Karat Holding şirkətlər qrupu Stavropol diyarının Essentuki şəhərində yerləşən “Voronej” və “İstoçnik” sanatoriyalarına sahibdir.

Bir neçə il əvvəl Karat Holding-in Moskvada Taqanski rayonunda “Vasili Osipoviç Krasavin və qardaşları” ticarət obyektlərinin yerləşdiyi tarixi binaların yerində hotel tikmək planları barədə məlumat yayılmışdı. Şirkət bu obyektləri 2016-cı ildə əldə edib.

Əvvəlcə binaların lizinqə verilməsi nəzərdə tutulsa da, aşağı rentabellik səbəbindən sonradan hotel tikintisi qərarı qəbul edilib. Layihə ilə bağlı detallı məlumat açıqlanmasa da, tikinti işlərinin artıq başladığı bildirilir. Obyektin istismara verilməsi əvvəlcə 2023-cü ilə planlaşdırılmışdı.

Mənbə: Haqqin.az portalı

Poliqon.info

Seçilən
28
18
poliqon.info

10Mənbələr