AZ

Transxəzər fiber-optik kabel xətti 30 illik buzu sındıra biləcəkmi?

Azərbaycanla Qazaxıstan arasında çəkilməsinə başlanan Transxəzər Fiber-Optik Kabel Xətti bu ilin üçüncü rübündə istismara veriləcək.

Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstan Baş nazirinin müavini - Süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiev “Freedom Inside 2026” forumunda çıxışı zamanı açıqlayıb. Nazir bildirib ki, kabelin istismara verilməsi Qazaxıstanın beynəlxalq internet trafikində mövqeyni gücləndirəcək.

Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti hesab olunur. Layihə 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürülüb. Layihə Azərbaycan–Qazaxıstan və Azərbaycan–Türkmənistan marşrutlarından ibarətdir. Kabel xətti Azərbaycan və Orta Asiya ölkələri arasında məlumatların Xəzər dənizinin dibi ilə daha yüksək səviyyədə ötürülməsini təmin etmək məqsədi daşıyır. 2019-cu il martin 19-da layihənin ilk hissəsi olan Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş imzalanıb. Həmin il noyabrın 19-da isə Qazaxıstanın Aktau şəhərində iki ölkə arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber optik kabel xəttinin çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim keçirilib. 

Ondan sonra layihənin icrası sahəsində fəaliyyətlərdə yavaşıma və fasilələr qeydə alınıb.

2023-cü ildə telekommunikasiya operatorları olan “AzerTelecom” və “Kazaxtelecom” arasında Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılması haqqında sazişin imzalanması ilə işlər xeyli sürətlənib. İlkin mərhələdə sualtı xəttin əsas marşrutunun Qazaxıstanın Aktau limanından Azərbaycanın Siyəzən şəhərinə qədər uzanacağı və onun uzunluğunun 400 kilometrə yaxın olacağı qeyd edilirdi. Bununla yanaşı, Qazaxıstanın Kurık limanından Bakının yaxınlığındakı Buzovna kəndinə uzunluğu, təxminən, 330 kilometr olan ehtiyat kanalın da çəkiləcəyi bildirilirdi. 

Layihə Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorları tərəfindən icra edilir. Kabel xətti Avropa qitəsindən internet və kontentin Azərbaycan vasitəsilə Qazaxıstana, daha sonra isə Çinə daşınmasına imkan verəcək. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının layihəyə investisiyaları təxminən 50,6 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi.

Trans-Xəzər fiber-optik rabitə xətti layihəsinin ikinci Azərbaycan–Türkmənistan marşrutunun çəkilməsi ilə bağlı hüquqi sənəd – dövlətlərarası saziş isə 2019-cu il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkməntel 2019” 12-ci beynəlxalq telekom və IT sənayesi sərgisi çərçivəsində imzalanıb. Sazişə əsasən, Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilişi Azərbaycan tərəfdən magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru Türkmentelekom tərəfdən reallaşdırılacaq. Kabel xəttinin Siyəzən və Türkmənbaşı arasında çəkilmnəsi nəzərdə tutulur. Kabel xətti Avropa internet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan,Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək. Bunun Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcəyi gözlənilir.

2025-ci ilin martında Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiq edilməsi haqqında sənəd imzalanıb. Sənədi “AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov və “Kazakhtelecom” şirkətinin Direktorlar Şurasının sədri Bagdat Musin imzalayıblar.

Ötən ilin avqustunda kabelin tikintisi üzrə dəniz marşrutunun tədqiqatına başlanılıb. Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edib. Azərbaycan və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri dörd həftəyə qədər davam edib.

2025-ci ilin noyabrında isə elan edilib ki, kabelin çəkilməsinə gələn ilin yay aylarında başlanılması planlaşdırılır. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov jurnalistlərə verdiyi açıqlamaya görə, 2026-cı ilin sonuna qədər kabelin çəkilişi üzrə işlərin tam yekunlaşması və kabelin istifadəyə verilməsi nəzərdə tutulur: "Hazırda Xəzər dənizində həmin bu kabelin keçəcəyi dib ərazisində marşrutun analizləri yekunlaşıb. Yaxın zamanlarda bu işləri həyata keçirən şirkət tərəfindən hesabat operatorlara layihəni iştirakçıkarına təqdim olunacaq. Həmçinin Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabelin artıq istehsalı üzrə də işlərə başlanılıb. Kabelin istehsalı 2026-cı ilin yay aylarına qədər bitəcək".

Layihənin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməsini prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin öz çıxışlarında ondan strateji layihə kimi bəhs etməsi də göstərir. Ötən ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında İ.Əliyev “Rəqəmsal İpək Yolu” layihəsinə xüsusi önəm verildiyini, onun tərkib hissəsi olan TransXəzər rabitə xəttinin, Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsinin Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsində mühüm rol oynayacağını vurğulayıb.

Qeyd etməyə dəyər ki, layihə son 30 ildə Xəzər dənizinin dibi ilə reallaşacaq ilk belə təşəbbüsdür. İndiyədək bu istiqamətdə təşəbbüslərin hamısı bilavasitə Rusiyanın birbaşa və ya dolayı təzyiqi ilə icra olunmamış qalıb. Bu layihənin də 2018-ci ildən bəri yubanmasında Rusiyanın bu mövqeyi həlledici rol oynayıb.

Məsələ burasındadır ki, Transxəzər kabel xətti sadəcə, bir internetötürücü xəttin çəkilməsi deyil. Bu, Xəzərin dibi ilə Mərkəzi Asiyadan Azərbaycana ilk əlaqənin təmin olunması deməkdir. Hansı ki, bunun ardınca digər mühüm addım - Transxəzər eneji kabelinin çəkilməsi gələcək. Artıq Azərbaycan, Qazaxıstan və Özbəkistan sonuncu iki ölkədə istehsal ediləcək yaşıl enerjini Azərbaycana və buradan da Gürcüstan üzərindən Avropaya çatdıracaq kabel xəttinin çəkilməsi üçün dövlətlərarası razılaşmanı imzalayıblar. Rusiya anlayır ki, kabellərin ardınca başqa infrastruktur layihələrinin reallaşması ehtimalı gündəmə gələcək. Söhbət ilk növbədə Türkmənistanın qazını, Qazaxıstanın neftini Azərbaycan üzərindən Avropaya ötürəcək kəmərlərdən gedir. Avropa İttifaqının bütün çətinliklərə baxmayaraq, Rusiya və onun üzərindən keçən hər hansı kəmərlə enerji xammalı almaqdan imtinada qətiyyətli mövqe sərgiləməsi  bir müddət sonra Qazaxıstan neftinin də yalnız tankerlərlə deyil, kəmərlə də Azərbaycana çatdırılmasını zərurətə çevirəcəyi ehtimalı getdikcə artır. Türkmənistan isə artıq 10 ildən çoxdur öz qazını bu marşrutla Avropaya nəql etmək üçün infrastrukturun qurulmasına çalışır.  Bütün bunlar deməyə əsas verir ki, çəkilməsi baş tutarsa, Transxəzər fiber-optik kabel xətti ilk qaranquş olmaqla, növbəti infrastruktur layihələrinin də yolunu açmış olacaq.

Dünya SAKİT,
Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr