AZ

“Kia”nın gələcək hədəfləri  

“Kia” şirkəti 2030-cu il üçün elektrik avtomobil satış hədəfini əvvəlki planlarla müqayisədə azaldaraq illik 1 milyon ədəd səviyyəsinə endirib. Bunun əvəzində şirkət hibrid avtomobillərə daha çox fokuslanır. Bu qərarın əsas səbəbləri arasında ABŞ bazarında EV tələbinin zəifləməsi, subsidiyaların azalması və idxal tariflərinin təsiri göstərilir.

“Kia” 2030-cu ilə qədər illik 1,1 milyon hibrid avtomobil, 2,1 milyon “elektrifikasiya olunmuş” avtomobil satmağı hədəfləyir. Şirkətin açıqladığı ən diqqətçəkən yeniliklərdən biri isə Şimali Amerika bazarı üçün elektrik pikap istehsalı planıdır. Bu modelin ABŞ-də istehsal olunacağı gözlənilir ki, bu da tariflərdən yayınmaq baxımından strateji addım kimi qiymətləndirilir.

Şirkət istehsalat sahəsində robot texnologiyalarına keçidi sürətləndirir. “Kia” “Boston Dynamics” tərəfindən hazırlanmış “Atlas humanoid” robotlarını 2028-ci ildən etibarən ABŞ-dəki zavodlarında tətbiq etməyi planlaşdırır. Bu robotların əvvəlcə sadə əməliyyatlarda, daha sonra isə daha mürəkkəb yığım proseslərində istifadə olunacağı bildirilib. Texnoloji inkişaf planına proqram təminatlı avtomobillər və avtonom idarəetmə də daxildir. Kia 2027-ci ilə qədər “Level 2+” avtonom idarəetmə imkanlarına malik ilk modelini təqdim etməyi, 2029-cu ildən isə daha inkişaf etmiş şəhər avtonomiyasını tətbiq etməyi planlaşdırır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr