AZ

Makron Trampdan intiqam alır, yeni ittifaq qurur: Fransa ABŞ və Çinə qarşı qlobal savaş ssenarisi yazır

Fransa qlobal məkanda ABŞ və Çinə qarşı müqavimət hərəkatı yaratmaq istiqamətində açıq fəaliyyətə başlayıb və bu, rəsmi Parisin iki dünya nəhənginə geopolitik savaş açması anlamına gəlir... Əgər, rəsmi Paris bu istiqamətdə ümid bəslədiyi nəticəyə nail olarsa, onda ABŞ və Çinin yaxın gələcəkdə olduqca güclü qlobal müqavimət mərkəzi ilə üz-üzə qala biləcəyi qətiyyən istisna deyil...    

Yaxın Şərq böhranı artıq təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, ABŞ-ın bu regionda başlatdığı savaş qlobal məkanda olduqca kəzkin ziddiyyətlər və hətta ciddi parçalanmalar yaradıb. Müşahidələr onu göstərir ki, qlobal geopolitik sistem artıq tamamilə çökmək üzrədir. Xüsusilə də, ənənəvi müttəfiqlik münasibətləri pozulub. Köhnə strateji tərəfdaşlar indi yeni düşmənlərə çevrilib. Və köhnə düşmənlərinsə, tədricən bir-biri ilə yaxınlaşmağa başladığı müşahidə edilir.

Onu da qeyd etmək lazımdır ki, bu deqradasiya prosesi qlobal məkanda bütün istiqamətlər üzrə intensive şəkildə davaş edir. Yaxın Şərqdə genişmiqyaslı savaşın necə nəticələnəcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Ancaq müasir dünya indi həm bu regiondakı hərbi böhranın doğurduğu, həm də ona dolayısı yolla bağlı olmaqla yanaşı, paralellik təşkil edən qlobal problemlər daha da dərinləşir. Və müasir dünyanın gələcək taleyini oldquca ciddi təhlükə qarşısında buraxır.

 

Məsələ ondadır ki, ABŞ Yaxın Şərqdə düşdüyü “savaş bataqlığı”ndan çıxmağa çalışdığı bir dönəmdə, nüvə silahının yayılmaması və azaldılması üzrə beynəlxalq saziş də artıq hüquqi qüvvəsini itirib. Ona görə də, müasir dünyanı yaxın gələcəkdə nüvə silahından qaynaqlanan real təhlükədən yayınma üçün indi analoji məzmunda yeni sənədin hazırlanaraq, imzalanması əsas qlobal hədəfə çevrilməyə başlayıb. Və zaman keçdikcə, bu istiqamətdə daha doğru addımların atılması çətinləşir.

Maraqlıdır ki, ABŞ yeni nüvə müqaviləsi üzrə əsasən dünyanın üç nəhəng dövlətinin anlaşmasını daha önəmli hesab edir. Ağ Evdə belə qənaətlər mövcuddur ki, əgər, ABŞ, Çin və Rusiya anlaşmağa nail olarlarsa, onda digər nüvə dövlətləri də yeni beynəlxalq sazişə qatılmaq məcburiyyətində qalacaqlar. Və ona görə də, ABŞ nüvə danışıqlarını mümkün qədər sadələşdirmək üçün iştirakçıların sayını məhdudlaşdırmağa üstünlük verir.

Ancaq Ağ Evin bu məsələ ilə bağlı planlarının reallaşması o qədər də asan olmayacaq. Çünki rəsmi Pekin Çinin ABŞ və Rusiya ilə nüvə silahlarının azaldılması üzrə üçtərəfli danışıqlarda iştirak etməyəcəyini birmənalı şəkildə bəyan edib. Çin Xarici İşlər Nazirliyində hesab edirlər ki, hazırkı mərhələdə rəsmi Pekinə üçtərəfli nüvə danışıqlarında iştirak etmək tələbi irəli sürmək ədalətsiz və məntiqsiz yanaşmadır. Rəsmi Pekin vurğulayıb ki, bu üç dövlətin nüvə potensialları müqayisəedilməz qədər fərqlidir və ona görə də, Çin belə bir qeyri-bərabər formatda iştirak üçün əsas görmür. Bu məsələdə əsas qlobal məsuliyyət də daha böyük nüvə potensialı olan dövlətlərin – ABŞ və Rusiyanın üzərinə düşür.

 

Təbii ki, bütün bunlar qlobal məkanda olduqca ciddi problemlər və narazılıqlar doğurmağa başlayıb. İndi bir çox Qərb dövlətləri ABŞ və Çini məhz belə davranışları ucbatından müasir dünya üçün əsas təhlükə qaynağı hesab edirlər. Belə ki, xüsusilə də, NATO üzvü olan Avropa dövlətləri ABŞ-ın “qoca qitə” ölkələrini hesabdan silərək, müasir dünyanın gələcək taleyini həll edə biləcək proseslərdən kənarda saxlamaq cəhdlərindən ciddi şəkildə narazıdırlar. Digər tərəfdən, həmin ölkələr son illərdə həm hərbi, həm də iqtisadi potensialını sürətlə artırmaqda olan digər nüvə dövləti Çini də bütün dünya üçün yeni təhlükə hesab edirlər. Onların fikrincə, ABŞ kimi, güclü Çin də yaxın gələcəkdə dünyanı hərbi və iqtisadi faktorlar üzərindən təhdid edə bilər.

Maraqlıdır ki, Fransa hazırda ABŞ-la ciddi ziddiyyətlər yaşayan NATO daxilində və Avropa Birliyi məkanında yeni liderlik statusu qazanmağa cəhd göstərir. Ümumiyyətlə, rəsmi Paris NATO və Avropa məkanında ABŞ-dan boşalan mövqelərin Fransanın nəzarətinə keçməsinə can atır. Üstəlik, Ağ Ev sahibi Donald Trampın prezident Emmanuel Makronu açıq mətnlə təhqir və təhdid etməsindən sonra Fransa ABŞ-a qarşı daha sərt mövqe tutmağa üstünlük verir. Və bu baxımdan, prezident Emmanuel Makronun ABŞ əleyhinə son çağırışları qətiyyən gözlənilməz xarakter daşımır.

Məsələ ondadır ki, prezident Emmanuel Makron Fransanın NATO və Avropa Birliyi üzrə müttəfiqlərini ABŞ və Çinə qarşı birləşdirməyə çağırıb. Onun fikrincə, vahid mövqe üzrə birləşmə prosesi uğur qazanmazsa, ABŞ və Çinin törətdiyi qlobal təhlükəyə müqavimət göstərmək qətiyyən mümkün deyil. Fransa prezidenti hətta ABŞ və Çinə qarşı qlobal koalisiyanı genişləndirmək ümidləri ilə Hörmüz boğazı ətrafında yaranmış qəliz situasiyanı, eləcə də, Cənubi Koreya və Yaponiya kimi ölkələrlə Avropa Birliyinin daha sıx əməkdaşlıq imkanlarını məhz bunda maraqlı ola biləcək Asiya təmsilçiləri ilə də müzakirə edib.

 

Fransa prezident ABŞ və Çinə qarşı əkstəbliğat tezislərini məhz həssas siyasi-psixoloji faktorlar üzərində qurmağa çalışıb. Prezident Emmanuel Makronun fikrincə, nə Fransa, nə də digər dünya dövlətləri bu iki hegemon dövlətin vassalına çevrilməməlidir: “Dünya dövlətləri Çinin dominantlığına tolerant yanaşmaq istəmirlər. Heç bir dövlət nə vaxt, nə edəcəyi məlum olmayan ABŞ-dan həddindən artıq asılı olmaq təhlükəsindən yayınmalıdır”.

Rəsmi Paris hesab edir ki, Avropa ölkələri beynəlxalq hüquq və demokratiya üzrə Yaponiya və Cənubi Koreya ilə ortaq fəaliyyət proqramına malikdirlər. Eyni zamanda, Fransa siyasi dairələrinin qənaətlərinə görə, Avstraliya, Braziliya, Kanada və Hindistan da eyni oxşar mövqeni bölüşür. Və rəsmi Paris əmindir ki, belə genişmiqyaslı koalisiya süni intellekt, kosmik araşdırmalar, nüvə enerjisi, müdafiə, təhlükəsizlik və s. kimi önəmli sahələrdə də ortaq fəaliyyət göstərmək potensialı qazana bilər.

Göründüyü kimi, Fransa qlobal məkanda ABŞ və Çinə qarşı müqavimət hərəkatı yaratmaq istiqamətində açıq fəaliyyətə başlayıb. Bu, rəsmi Parisin ABŞ və Çinə qarşı məhz qlobal səviyyəli geopolitik savaş açması anlamına gəlir. Hələlik, Fransanın bu savaşda uğur qazanma ehtimalını gücləndirə biləcək beynəlxalq koalisiya yaratmağa cəhd göstərdiyi müşahidə olunur. Əgər, rəsmi Paris bu istiqamətdə ümid bəslədiyi nəticəyə nail olarsa, onda ABŞ və Çinin yaxın gələcəkdə olduqca güclü qlobal müqavimət mərkəzi ilə üz-üzə qala biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
16
1
musavat.com

2Mənbələr