AZ

Bu pinqvinlər yox olmaq təhlükəsi ilə üz-üzədir

Qlobal istiləşmə artıq imperator pinqvinlərinin sayının azalmasına səbəb olub və yaxın onilliklərdə bu proses daha da sürətlənə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) mütəxəssislərinin model hesablamalarına əsaslanan araşdırmada bildirilir.

Məlumata görə, iqlim dəyişikliyi nəticəsində imperator pinqvinlərinin sayı artıq təxminən 10 faiz azalıb. Proqnozlara əsasən, 2080-ci ilə qədər onların populyasiyası iki dəfə azala bilər.

2019-cu ildə bu növə aid yetkin fərdlərin sayı 500 mindən çox qiymətləndirilsə də, dəniz buzlaqlarının əriməsi onların yaşaması üçün ciddi təhlükə yaradır. Tədqiqatda iştirak edən dəniz ekoloqu Filip Tratan bildirib ki, əsas risk məhz insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləridir.

İmperator pinqvinləri Antarktidada yaşayır və çoxalma, eləcə də balalarını böyütmək üçün dəniz buzuna ehtiyac duyur. Buz örtüyü vaxtından əvvəl əridikdə, xüsusilə suya davamlı lələkləri hələ formalaşmamış balalar üçün bu, ölümcül nəticələrə gətirib çıxara bilər.

Araşdırma digər növlərin də təhlükə altında olduğunu göstərir. Antarktika dəniz pişiyi ilk dəfə olaraq IUCN-in “təhlükə altında olan növlər” siyahısına daxil edilib. Son 25 ildə bu növün sayı 50 faizdən çox azalıb və hazırda bir milyondan az yetkin fərd qalıb.

Alimlər qeyd edirlər ki, okean temperaturunun artması və buz örtüyünün azalması nəticəsində əsas qida mənbəyi olan kril daha dərin qatlara çəkilir və bu da heyvanların qidalanmasını çətinləşdirir.

Bundan əlavə, cənub dəniz fili də “həssas növ” kateqoriyasına daxil edilib. Bu heyvanlar quş qripi kimi xəstəliklərə qarşı xüsusilə həssasdır və bəzi koloniyalarda balaların 90 faizədək hissəsi tələf olub.

Mütəxəssislər hesab edir ki, qlobal istiləşmənin davam etməsi Antarktika ekosistemində genişmiqyaslı dəyişikliklərə səbəb olacaq, bu isə bir çox növlərin məhvinə və qida zəncirinin pozulmasına gətirib çıxara bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
38
1
redaktor.az

2Mənbələr