AZ

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı olub

Bakı, 9 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli bildirib ki, Nəsir İmanquliyev Azərbaycanda böyük peşəkar jurnalistlər nəslinin müəllimi, ötən əsrin ikinci yarısında ölkə mətbuatında xüsusi tipoloji xarakter daşımış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və redaktoru olub: “Azərbaycan jurnalistikasında tətbiq olunan müasir xəbər tipləri Nəsir İmanquliyev imzası ilə bağlıdır. Tale elə gətirib ki, mən Nəsir müəllimi həm bu məktəbin yaradıcısı kimi, həm də universiteti bitirərək Jurnalistika fakültəsində çalışdığım illərdən bələd olduğum ciddi bir nəzəriyyəçi kimi izləyə bilmişəm. Bu mənada mən Nəsir İmanquliyevin praktik jurnalist və alim kimi yaradıcılığından danışmağa haqqı olanlardan biriyəm. Nəsir İmanquliyev nə az, nə çox, düz 51 il bu fakültədə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında çalışıb. Bu gün Yeni media və kommunikasiya nəzəriyyəsi adlanan həmin kafedranın qapısı önündəki dəhliz divarında onun barelyefi var. Gələcəyin jurnalistləri-tələbələr müəllimlərinin xatirələrindən və qoyub getdiyi əsərlərindən tanıdıqları bu böyük insanın barelyefi önündən keçəndə onu ehtiramla yad edirlər”.

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov ömrünü universitetin, milli mətbuatımızın inkişafına, jurnalist kadrların hazırlanmasına həsr etmiş Nəsir İmanquliyevin Azərbaycanın ictimai-mədəni mühitində çox böyük yaradıcılıq izi qoyduğunu deyib. Qeyd edib ki, Nəsir müəllimin klassik ənənələrimizə söykənən maarifçilik fəaliyyətinin bəhrələri Azərbaycan jurnalistikasında yaratdığı yeni məktəb və onun yetirmələridir: “Tale Nəsir İmanquliyevə heç də hamar ömür yolu qismət etməyib, amma heç vaxt əqidəsindən dönməyib”.

Daha sonra çıxış edənlər BDU-nun Jurnalistika fakültəsinin dekanı professor Vüqar Əliyev, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova, Milli mətbuat tarixi kafedrasının professoru Qərənfil Quliyeva, fakültə THİK-nin sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşüb, özündən sonra məktəb yaradan müəllimlərin ənənələrinin daim yaşayacağını bildiriblər.

Sonda Nəsir İmanquliyevin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədilə keçirilən layihə aprel və may aylarında həftədə bir dəfə olmaqla təşkil ediləcək. Yekunda layihə iştirakçılarının professor Nəsir İmanquliyevlə bağlı mediada dərc olunan yazıları üzrə “Professor Nəsir İmanquliyev dərsləri – yazı müsabiqəsi” keçiriləcək və qaliblər təltif ediləcək.

 

Seçilən
4
azertag.az

1Mənbələr