Bakı, 9 aprel, AZƏRTAC
Bu gün həm Yaxın Şərqdə, həm də Rusiya və Ukrayna arasında gedən müharibələr region dövlətlərinə və ətraf coğrafiyaya ciddi təhlükələr yaratsa da, geniş miqyasda yeni təhlükəsizlik zəncirinin formalaşması üçün zəruri şərtləri də ortaya qoyur.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.
Onun sözlərinə görə, daşımaların rahat və təhlükəsiz təmin edilməsi üçün alternativ nəqliyyat yolları axtaran Avropa və Asiya ölkələri hazırda müəyyən coğrafi əraziləri diqqət mərkəzinə gətirir. Belə bir şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz üstünlük qazanan və ən adekvat nəqliyyat xətti kimi tanınır. Bu dəhliz qısa müddətdə alternativ marşrutdan strateji arteriyaya çevrilir.
E.Ənvəroğlu qeyd edib ki, bu proses Azərbaycanın rolunu üç əsas istiqamətdə gücləndirir: “Birincisi, Azərbaycan artıq, sadəcə, enerji ixracatçısı deyil, həm də Avropa ilə Asiya arasında keçid qapısı rolunu oynayır. İkincisi, bu, Bakıya həm Avropa İttifaqı, həm Çin, həm də Türkiyə ilə münasibətlərdə əlavə manevr imkanı verir. Üçüncüsü, tranzit gəlirləri, logistika mərkəzlərinin inkişafı – Ələt limanı, dəmir yolları və azad iqtisadi zonalar Azərbaycanın iqtisadi modelini postneft dövrünə hazırlayır. Bu isə ölkəni mühüm logistika mərkəzlərindən birinə çevirir”.
Ekspert vurğulayıb ki, qlobal aktorlar üçün etibarlı tranzit tərəfdaş olmaq Azərbaycanın regional sabitlikdə rolunu artırır və onu risk zonası deyil, həll platforması kimi təqdim edir. “Hörmüz boğazında baş verən hadisələr quru dəhlizlərin üstünlüklərini bir daha nümayiş etdirdi. Yaxın Şərqdə gərginliyin artması və xüsusilə Qırmızı dəniz ətrafında risklərin yüksəlməsi fonunda quru marşrutlar daha cəlbedici görünməyə başlayıb. Bu gün Körfəz ölkələri Avropaya qaz ixracı üçün yeni boru xətləri barədə düşünür. Bu, böyük maliyyə tələb etsə də, gələcəkdə dar boğazlardan asılılığı azaltmaq baxımından optimal variant kimi qiymətləndirilir”.
E.Ənvəroğlu qeyd edib ki, təhlükəsizlik baxımından quru dəhlizlər daha çox dövlət nəzarətində olur və diversifikasiya imkanı yaradır. Dəniz marşrutlarında isə bu imkanlar məhduddur: “Məsələn, Hörmüz boğazında yaşanan vəziyyət bunu açıq şəkildə göstərir. Həmçinin quru dəhlizlər vaxt baxımından da üstünlük verir. Orta Dəhliz Çin–Avropa yükdaşımalarında müddəti təxminən iki dəfə azaldır, - dəniz yolu ilə bu 35-45 gün çəkdiyi halda, quru marşrutla 15-20 günə mümkün olur. Azərbaycanın bölgədə balans yarada bilmə imkanı onun geostrateji mövqeyi ilə bağlıdır. Lakin bu imkanlardan istifadə etmək diplomatik məharət tələb edir və bu baxımdan dövlətimizin başçısının apardığı siyasət yüksək qiymətləndirilməlidir. Azərbaycanın əsas üstünlüyü onun hər hansı bir siyasi blok çərçivəsində məhdudlaşmamasıdır. Azərbaycan öz milli maraqlarına uyğun olaraq çoxşaxəli siyasət yürüdür və bu, ona həm siyasi üstünlük, həm də suverenlik qazandırır. Azərbaycan Şimal–Cənub dəhlizində Rusiya, İran və Hindistanla əməkdaşlıq edir, eyni zamanda, Çin və Avropa arasında Orta Dəhlizin mühüm hissəsi kimi çıxış edir. Bu isə müxtəlif maraqlar arasında balansın qorunmasını təmin edir”
E.Ənvəroğlu vurğulayıb ki, bu balans konkret layihələrdə də özünü göstərir. Bakı–Tbilisi–Qars dəmir yolu xətti Şərq–Qərb istiqamətində, Astara–Rəşt xətti isə Şimal–Cənub dəhlizinin kritik hissəsi kimi Azərbaycanın bu prosesdə oynadığı rolu aydın şəkildə nümayiş etdirir.
Müxbir- Səbinə Əlizadə