AZ

Superkompüter sındırıldı – Çinin raket sxemləri və hərbi sirrlər satışa çıxarıldı

Çində dövlətə məxsus superkompüter mərkəzlərindən birinin kiberhücum nəticəsində sındırıldığı və böyük həcmdə məxfi məlumatların oğurlandığı iddiası beynəlxalq mediada geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, özünü “FlamingChina” adlandıran haker və ya qrup Milli Superkompüter Mərkəzi (NSCC Tianjin) sistemlərinə daxil olaraq 10 petabaytdan çox həssas məlumat əldə edib. Bu məlumatların tarixdə ən böyük kiber sızıntılardan biri ola biləcəyi bildirilir.

Sızdırıldığı deyilən məlumatlar arasında “tam məxfi” işarəli sənədlər, raket və bomba sxemləri, aerokosmik tədqiqat materialları, bioinformatika layihələri və hətta nüvə sintezi modelləri yer alır. Paylaşılan nümunələrdə hərbi texnikaya dair vizuallaşdırmalar və simulyasiyalar da diqqət çəkir.

Məlumatların Çin müdafiə və sənaye strukturları ilə əlaqəli olduğu iddia olunur. Xüsusilə Aviation Industry Corporation of China, Commercial Aircraft Corporation of China və National University of Defense Technology kimi qurumların adı hallandırılır.

Kibertəhlükəsizlik mütəxəssislərinin sözlərinə görə, haker oğurladığı məlumatların kiçik hissəsini minlərlə dollara təqdim edir, tam məlumat bazasına çıxış isə yüz minlərlə dollar qarşılığında təklif olunur. Ödənişin yalnız kriptovalyuta ilə qəbul edildiyi bildirilir.

Fevralın 6-da “FlamingChina” adlı hesab anonim Teleqram kanalında məlumatların bir hissəsini paylaşaraq alıcı axtardığını elan edib.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr