AZ

Mers İsrailin Livana hərbi zərbələrini tənqid edib

Mers İsrailin Livana hərbi zərbələrini tənqid edib

Almaniya Kansleri Fridrix Mers İsrailin Livana endirdiyi hərbi zərbələri kəskin tənqid edib və qeyd edib ki, bütün Yaxın Şərq regionunda, xüsusən də Livanın cənubunda yaranmış vəziyyət ciddi narahatlıq doğurur.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Mers bu barədə Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanatla çıxış edərkən bildirib. Kansler vurğulayıb: "İsrailin orada apardığı müharibənin amansızlığı bütün sülh prosesini poza bilər. Buna isə yol vermək olmaz. Məhz buna görə də dünən digər dövlət və hökumət başçıları ilə birlikdə İsrail hökumətini hücumların daha da gərginləşməsini dayandırmağa çağırdım".

Bununla yanaşı, o vurğulayıb ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful dünən bu məsələ ilə bağlı israilli həmkarı Gideon Saar ilə iki dəfə danışıb. "Mən həmçinin Baş nazir Benyamin Netanyahu ilə şəxsi təmasdayam. Son həftələrdə olduğu kimi, biz Avropadakı və regiondakı tərəfdaşlarımızla fəaliyyətimizi sıx və davamlı şəkildə əlaqələndiririk", — deyə Almaniya Kansleri qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqi getdikcə daha çox qeyri-sabit edən hərbi gərginliyin tezliklə dayandırılması zəruridir. Mers həmçinin xəbərdarlıq edib ki, bu müharibə Birləşmiş Ştatlar və onun NATO-dakı avropalı tərəfdaşları arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır: "Biz NATO-da parçalanma istəmirik və mən də bunu istəmirəm".

Kansler çıxışının sonunda beynəlxalq ticarət yolları üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazında gəmilərin sərbəst keçidinin sürətli və etibarlı şəkildə bərpa olunmasının vacibliyini yekun olaraq qeyd edib.

Seçilən
29
afn.az

1Mənbələr