AZ

Autsayderlər üçün kritik tur

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sabah Misli Premyer Liqasında XXVII tura start veriləcək. Birinci gündə autsayder “Karvan-Yevlax” “Kəpəz”i qəbul edəcək.

Lider “Sabah” bu turda “Zirə”nin müqavimətini qırmağa çalışacaq. “Qarabağ” “Şamaxı” səfərinə yollanacaq, “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Qəbələ”nin rəqibi “İmişli” olacaq. Tura “Turan Tovuz” – “Sumqayıt” matçıyla yekun vurulacaq.

10 aprel, 15:30 Karvan-Yevlax – Kəpəz

Turnir cədvəlində 8 xalla sonuncu olan “Karvan-Yevlax” üçün demək olar, həlledici matçdır. Füzuli Məmmədovun yetirmələri məğlub olacağı halda, liqada qalmaq ümidlərinin üstündən xətt çəkəcək. Komandalar arasında 13 xallıq fərq var və “Kəpəz” daha rahat tərəfdir. 9-cu sıraya yüksələn gəncəlilər üçün bərabərlik də sərfəli nəticə sayıla bilər. Lakin autsayderlər zonasındakı rəqibləri “Qəbələ” və “İmişli”nin bu turda üz-üzə gəlməsi “sarı-göylər” üçün əlavə fürsətdir. Qələbə onları 8-ci sıraya qədər yüksəldə bilər.

11 aprel, 15:30 Şamaxı – Qarabağ

Çempionluq mübarizəsi aparan “Qarabağ” yaxşı forma yığıb. Ötən turda “Karvan-Yevlax”a 7 cavabsız qolla qalib gələn “atlılar” seriyasını Şamaxıda da davam etdirmək niyyətindədir. “Qarabağ” bu mövsüm bu arenada meydan sahiblərinə qarşı son oyunda məğlubiyyətlə üzləşib. Qurban Qurbanovun yetirmələri Şamaxı səfərindən üç xalla dönməklə zirvə yarışını davam etdirmək və kubokdakı məğlubiyyətin qisasını almağa çalışacaq.

“Şamaxı” isə ötən turda “Zirə” ilə heç-heçə etməklə liqada qalacağını rəsmiləşdirdi. Ayxan Abbasov möhkəm kollektiv yaradıb və azlıqda olmalarına baxmayaraq, Zirə səfərindən bir xalla qayıtmaq komandaya əlavə ruh yüksəkliyi verəcək.

11 aprel, 18:00 Sabah – Zirə

Lider “Sabah” qarşısıalınmazdır. 15 oyundur, məğlub olmayan “bayquşlar” yaxşı formadadır. Son turlarda eniş yaşayan və avrokuboklar mübarizəsində mühüm xallar itirən “Zirə”nin liderə qarşı hansı səviyyədə güc göstərəcəyi maraqla gözlənilir. Bu mövsüm bu arenadakı oyunda rahatlıqla qələbə qazanan “Sabah” çempionluq havasındadır və bu görüşdə də büdrəməsi ehtimal edilmir.

11 aprel, 20:00 Neftçi – Araz-Naxçıvan

Ardıcıl üç qələbə qazanan “Neftçi” avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulub. Xal fərqinin azalması bakılıları daha da iştahlandırıb. Bu yolda rəqiblərdən olan “Araz-Naxçıvan”ın da məğlub edilməsi komandaya əlavə motivasiya verəcək.

“Araz-Naxçıvan” Demçenkonun gəlişindən sonra hələ tam oyununu tapmayıb. “Sabah”la matçda rəqibin yorğun olmasına baxmayaraq, xal qazana bilməyən və 4 qol buraxan naxçıvanlılarda əsas problem müdafiə ilə bağlıdır. “Neftçi”nin hücum xəttinin keyfiyyətini nəzərə alsaq, “ağ-qaralar”ın ardıcıl dördüncü qələbəsinə daha yaxın olduğunu deyə bilərik.

12 aprel, 18:00 Qəbələ – İmişli

Autsayderlər qrupunda daha bir gərgin oyun Qəbələdə olacaq. İkinci dövrədə qazandığı xallarla sonuncu sıradan qurtulan “qırmızı-qaralar” indi autsayderi 11 xal qabaqlayır və 8-ci “İmişli”dən 4 xal geri qalır. Liqanın 10-cusu pley-off oynayacaq və “Qəbələ” elitadakı yerini təhlükədə saxlamaq istəmir. “İmişli” ilə matç “qırmızı-qaralar” üçün mövsümün həlledici duellərindən biri olacaq.

12 aprel, 18:00 Turan Tovuz – Sumqayıt

“Turan Tovuz” bir neçə aylıq fasilədən sonra yenidən Tovuza qayıdır. Kurban Berdıyevin yetirmələri azarkeşləri qarşısında daha iştahlı oynayacaq və son dönəmlərdə uğursuzluq yaşayan “kimyaçılar”ı büdrətməyə çalışacaq. Görüşün aşkar favoriti meydan sahibləridir. Son turda “İmişli” səfərində xal itirən tovuzlular itkini unutdurmağa çalışacaq.

“Sumqayıt”da isə işlər qaydasında getmir. Komanda 10 oyundur, qələbə qazana bilmir. Turnir cədvəlində 7-ci sıraya qədər geriləyən “kimyaçılar”ın daha bir neçə pillə enmək ehtimalı var. Komandada anlaşılmazlıq hökm sürür. Meydanda futbolçular sanki bir-birinə yaddır və oyun istəyi ürəkaçan səviyyədə deyil. Baş məşqçi Saşa İliç də böyük ehtimal yayda klubu tərk edəcək və indidən günlərini sayır. Problemlər fonunda “Sumqayıt”ın Tovuzdan xalla ayrılması inandırıcı görünmür.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
futbolpress.az

1Mənbələr