AZ

Əli Səlimov: Azərbaycan Cənubi Qafqazın strateji inteqrasiyasını sürətləndirərək Avrasiyada əsas geoiqtisadi qovşağa çevrilmək imkanına malikdir

ain.az, Bizimyol saytına istinadən bildirir.

“Cənubi Qafqaz regionunda son illərdə müşahidə olunan sülh və sabitlik prosesləri regionun iqtisadi və geosiyasi strukturunda yeni mərhələnin formalaşdığını göstərir. 2026-cı ilin reallıqları təsdiq edir ki, sabitlik artıq yalnız siyasi məqsəd deyil, həm də davamlı iqtisadi inkişaf və regional inteqrasiyanın əsas şərtidir. Bu situasiyada Azərbaycan, həm milli iqtisadiyyat, həm də regional geoiqtisadi inteqrasiya baxımından əsas qazanan tərəfdir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, müasir beynəlxalq iqtisadi və geosiyasi vəziyyətlər Orta Şərqdə artan gərginliklə sıx bağlıdır: “Qırmızı dəniz və Süveyş kanalında yaranan qeyri-sabitlik beynəlxalq ticarət aktorlarını daha təhlükəsiz və etibarlı quru marşrutlarına yönəldir. Bu amil Azərbaycanın tranzit rolunun strateji əhəmiyyətini artırıb. Rəsmi statistikalara baxsaq görərik ki, Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi 2021-ci ildə təxminən 1 milyon ton, 2024-cü ildə 4 milyon ton olmuş, 2026-cı ildə isə 5 milyon tona yaxınlaşacağı gözlənilir. Artım Azərbaycanın Avropa və Asiya arasında etibarlı logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir və beynəlxalq ticarət xəritəsində strateji əhəmiyyətini artırır.

Enerji sektoru Azərbaycanın geoiqtisadi rolunda kritik komponent kimi çıxış edir. 2024-cü ildə Avropaya qaz ixracı 13 milyard kubmetr səviyyəsinə çatmışdır və 2027-ci ilə qədər bu göstəricinin 20 milyard kubmetrədək artırılması planlaşdırılır. Paralel olaraq, Xəzər dənizində qiymətləndirilən 150 GVt-lıq külək enerjisi potensialı ölkəyə gələcəkdə yaşıl enerji ixracatçısına çevrilmək imkanını təqdim edir. Bu layihələrin reallaşması beynəlxalq enerji bazarında Azərbaycanın strateji rolunu daha da gücləndirir, ölkəni yalnız enerji təchizatçısı deyil, həm də enerji təhlükəsizliyinin təminatçısı kimi ön plana çıxarır”.

“Sülh şəraiti həm də investisiya mühitinə birbaşa təsir göstərir. Son illərdə Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyalar 4–5 milyard dollar səviyyəsində sabit qalsa da, əsas diqqət investisiyaların strukturundadır. Kapitalın qeyri-neft sektoruna yönəlməsi iqtisadi diversifikasiyanın dərinləşdiyini göstərir və sənaye, kənd təsərrüfatı, turizm və xidmət sahələrində yeni inkişaf imkanları yaradır. Bu, həm də Azərbaycanın iqtisadi dayanıqlılığını artırır və beynəlxalqiqtisadi dəyişikliklərə qarşı həssaslığını azaldır”-deyə iqtisadçı vurğulayıb.

Əli Səlimov qeyd edib ki, ümumiyyətlə, sülh şəraitində Azərbaycan yalnız milli iqtisadiyyatını gücləndirmir, həm də Cənubi Qafqazın strateji inteqrasiyasını sürətləndirərək Avrasiya məkanında əsas geoiqtisadi qovşaqlardan birinə çevrilmək imkanına malikdir: “Mövcud tendensiyalar göstərir ki, bu proses artıq başlayıb və yaxın illərdə daha da dərinləşəcək, Azərbaycan regional əməkdaşlıq və beynəlxalq ticarətdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr