AZ

Toydan sonra nağara ... Zeynal Əmrəliyev: Azərbaycan və Ermənistan ikitərəfli kommunikasiya üçün Rusiyanın vasitəçiliyinə ehtiyac duymur

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Qarabağ münaqişəsinin həllində əsas rol oynayıb, lakin İrəvan və Bakı vasitəçilər olmadan dialoqa başlayıblar. Bu da Kremlin regiondakı ənənəvi təsir imkanlarının zəiflədiyini göstərir. Azərbaycan isə Qarabağ məsələsini bitmiş sayır və üçüncü tərəflərin müzakirəyə müdaxiləsini qəbul etmir. Zaxarovanın “cavab diplomatik kanallarla veriləcək” açıqlaması Moskvanın qarşıdurmadan yayınmaq istədiyini, amma prosesi tam bağlamadığını göstərir. Nəticədə, Cənubi Qafqazda əsas söz sahibi artıq region ölkələri olub, kənar güclər dəyişən reallıqla hesablaşmağa məcburdur.Azərbaycanın Qarabağ məsələsini bitmiş sayması və Moskvanın hələ prosesi tam yekunlaşmış kimi təqdim etmək istəməsi gələcəkdə regionda diplomatik gərginliyi artırma riski yarada bilərmi?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya tərəfinin səsləndirdiyi fikirlər Cənubi Qafqaz regionunda əldə edilməkdə olan sülhü baltalamağa yönəlib: “Mariya Zaxarovanın son günlər verdiyi açıqlamalar həm regionda gərginliyə səbəb olur, həm də Azərbaycan-Rusiya münasibətlərinə çox ciddi şəkildə mənfi təsir xüsusiyyəti daşıyır. Bunun cavabı Azərbaycan tərəfindən veriləcək. Azərbaycan və Ermənistan arasında hətta müharibədən sonrakı dövrdə də vasitəçiliyə ehtiyac yoxdur. Yəni hər iki tərəf danışıb məsələləri həll edə bilir və aralarında bir rabitə var. İki ölkə arasında xarici işlər nazirləri səviyyəsində əlaqə mövcuddur və lazım gəldikdə telefon əlaqəsi saxlayır, üçüncü ölkələrin ərazisində bir-birləri ilə görüşlər keçirirlər. Lazım gəldikdə rabitə qurulur. Uzun müddətdir regionda sülh və sakitlik var, irəli doğru müəyyən addımlar atılır. Etimad mühitinin bərpa olunması istiqamətində addımlar atılır. Ziyalıların qarşılıqlı səfərləri olub. Gələcəkdə bu kimi səfərlərin daha intensiv xarakter daşıyacağı gözlənilir. Burada vasitəçiyə nə ehtiyac var? Ortada nə münaqişə var ki, burada vasitəçi olsun? Artıq münaqişə bitib, hər şey məlumdur. Sadəcə bir texniki məsələ qalıb: sülh müqaviləsinin imzalanması. Onun üçün də Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan maddələr götürüldükdən sonra problem qalmır”.

Politoloq vurğulayıb ki, həmin maddələr Konstitusiyanın preambula hissəsindədir. Ermənistan Konstitusiyasının preambula hissəsi referendumla dəyişdirildikdən sonra sülh müqaviləsi də imzalanacaq və bütün problemlər həll olunacaq.

“Bizim vasitəçiyə nə ehtiyacımız var ki? Münaqişə olduğu zaman vasitəçi lazım idi, Rusiya da ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzadılmasına xidmət etdi, nəinki həll olunmasına. Ancaq indiki halda heç bir vasitəçiyə ehtiyac yoxdur”-deyə Zeynal Əmrəliyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
bizimyol.info

1Mənbələr