Biləsuvar, 9 aprel, AZƏRTAC
Biləsuvar rayonu ərazisində iki yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayonun Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Rövşən Abbasovun idarə etdiyi motosiklet maneəyə çırpılıb. Nəticədə, o, müxtəlif bədən xəsarətləri alaraq rayon xəstəxanasına çatdırılıb.
Digər yol qəzası isə rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Müxbir - İlkin Adıyev