AZ

ABŞ-da doğum səviyyəsi 2025-ci ildə ən aşağı həddə düşüb

ABŞ-da doğum səviyyəsi 2025-ci ildə ən aşağı həddə düşüb

ABŞ-da doğum səviyyəsi 2025-ci ildə rekord dərəcədə azalaraq təxminən 20 ildir davam edən eniş tendensiyasını sürdürüb.

AFN.az xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi nəzdində fəaliyyət göstərən Milli Səhiyyə Statistikaları Mərkəzinin (NCHS) məlumatına görə, ölkədə nəsilartırma qabiliyyətinə malik hər min qadına düşən doğum sayı 2024-cü ildə 53,8 olduğu halda, 2025-ci ildə 53,1-ə geriləyərək tarixinin ən aşağı səviyyəsinə düşüb.

Ölkə üzrə ümumi doğum sayı da 1 faiz azalaraq təxminən 3,6 milyona (dəqiq rəqəmlə 3,606,400) enib. Statistik göstəricilər 30 yaşlı qadınların təxminən yarısının övlad sahibi olmadığını ortaya qoyub ki, bu göstərici 1970-ci illərdə cəmi 18 faiz təşkil edirdi. Xüsusilə yeniyetmə yaş qrupunda (15-19 yaş) doğum səviyyəsi 7 faiz azalaraq daha bir tarixi antirekord müəyyən edib.

Amerikanın "New York Times" (NYT) qəzetinin mövzu ilə bağlı xəbərində doğum səviyyəsindəki azalmanın 2007-ci ildən bəri aramsız davam etdiyi vurğulanıb. Məqalədə qeyd olunub ki, bu azalma ilkin mərhələdə qlobal iqtisadi böhranın fəsadları ilə əlaqələndirilsə də, hazırda proses bir çox sosial və iqtisadi faktorun təsiri altında davam etməkdədir.

Nəşrə müsahibə verən ekspertlər xəbərdarlıq ediblər ki, doğum səviyyəsinin aşağı düşməsinin davam etməsi əhalinin qocalmasına səbəb olacaq, bu isə öz növbəsində iqtisadi artım və sosial sistemlər üzərində ciddi təzyiqlər yaradacaq. Donald Tramp administrasiyası bu tendensiyanın qarşısını almaq üçün uşaq mükafatları və süni mayalanma xərclərinin azaldılması kimi stimullaşdırıcı tədbirləri nəzərdən keçirir.

Seçilən
25
afn.az

1Mənbələr