BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyə Xarici İşlər Nazirliyi Benyamin Netanyahu hökumətinin işğal altındakı İordan çayının qərb sahilində 34 yeni qeyri-qanuni yaşayış məskəni salınmasına razılıq verməsini kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, nazirlik yaydığı yazılı bəyanatda bu addımın həm beynəlxalq hüququ, həm də BMT-nin müvafiq qətnamələrini ağır şəkildə pozduğunu bildirib.
Bəyanatda vurğulanır ki, İsrailin bu qərarı regionda qalıcı sülhün yeganə yolu olan "iki dövlətli həll" vizyonunu baltalayır və işğal siyasətini daha da dərinləşdirir. Ankara beynəlxalq birliyi İsrailin hüquqazidd cəhdləri qarşısında hərəkətə keçməyə və Fələstin torpaqlarının mənimsənilməsinə son qoymağa çağırıb.
İsrail mediasından sızan məlumatlara görə, Təhlükəsizlik Kabineti tərəfindən təsdiqlənən bu qərar ABŞ-ın reaksiyasından çəkinildiyi üçün bir müddət gizli saxlanılıb. İ24 televiziyası bu addımı "rekord sayda yaşayış vahidi" kimi təqdim edib. Qərarın xüsusilə İsrailin İrana hücumları zamanı, diqqətin başqa istiqamətə yönəldiyi bir vaxtda qəbul edilməsi diqqət çəkib.
Yeni planın İordan çayının qərb sahilinin şimalında, fələstinlilərin sıx yaşadığı "A" və "B" zonalarını da əhatə etdiyi bildirilir. Mövcud Benyamin Netanyahu hökumətinin indiyədək təsdiqlədiyi yaşayış məskənlərinin sayı bu son qərarla 69-dan 103-ə yüksəlib. Bu, regionda gərginliyin daha da artacağına dair ciddi narahatlıqlar yaradır.