AZ

Taksi sürücülərinə xəbərdarlıq: qaydalar YENİDƏN dəyişir...

Azərbaycanda sərnişin daşımaları sahəsində yeni dəyişikliklər gözlənilir. Baş nazir tərəfindən imzalanan yeni sərəncama əsasən, müntəzəm və taksi minik avtomobilləri ilə yanaşı, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin texniki göstəricilərinə və ümumi tərtibatına dair tələblər yenidən nəzərdən keçiriləcək.

Mövcud qanunvericiliyə uyğun olaraq, bu sahədə fəaliyyət göstərən bütün nəqliyyat vasitələri müəyyən edilmiş standartlara cavab verməlidir. Əks halda, həmin avtomobillərə buraxılış kartı verilməyəcək və ya artıq verilmiş sənədin qüvvəsi dayandırılacaq.

Yeni dəyişikliklərin hazırlanması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aidiyyəti qurumlarla birlikdə iki ay müddətində təkliflər hazırlamaq tapşırılıb. Sərəncam artıq aprelin 7-dən qüvvəyə minib.

Bəs bu yeniliklərin əsas məqsədi nədir? Dəyişikliklər sərnişin daşımaları bazarında hansı problemlərin həllinə yönəlib? Yeni tələblər nə dərəcədə sərt olacaq və ən vacibi – bu qərarlar taksi qiymətlərinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtomobillərin həm daxili, həm də xarici təchizatı ilə bağlı tələblər Nazirlər Kabinetinin 2019-cu il qərarı ilə müəyyənləşdirilmişdi. Lakin hazırda həmin qərarda yer alan bəzi müddəalar artıq aktuallığını itirib. Məsələn, əvvəlki qaydalara əsasən taksi minik avtomobillərinin damında sarı rəngli fənərin olması tələb olunurdu. Bu tələb bu gün artıq aktual sayılmır və dəyişdirilməsi mümkün olan məsələlərdən biri kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, taksi minik avtomobillərinin digər nəqliyyat vasitələrindən fərqləndirilməsi üçün yeni yanaşmalara ehtiyac yarana bilər. Əgər dam üzərində sarı rəngli şahmatvari fənər tətbiq olunmursa, alternativ işarələnmə üsulları nəzərdən keçirilə bilər.

Qeyri-müntəzəm sərnişin daşımaları sahəsində isə vəziyyət daha müxtəlifdir. Bu sahədə turizm fəaliyyəti ilə məşğul olan şirkətlər, digər daşıyıcılar və fərdi qaydada çalışan şəxslər fəaliyyət göstərir. Bu baxımdan, həmin nəqliyyat vasitələrinin həm daxili, həm də xarici təchizatı ilə bağlı müəyyən yeniliklərə və dəyişikliklərə ehtiyac olduğu görünür”.

Ekspertə görə, gələcəkdə bu sahədə avtomobillərin üzərində müəyyən işıqlandırma vasitələrinin, rənglərin və fərqləndirici işarələrin tətbiqi də mümkün ola bilər: “Daxili tərtibatla bağlı isə yeniliklər daha geniş ola bilər. Belə ki, artıq yalnız taksilərdə deyil, digər sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitələrində də videoqeydiyyat sistemlərinin quraşdırılması tələb kimi irəli sürülə bilər. Bununla yanaşı, təhlükəsizlik baxımından əlavə avadanlıqların da nəqliyyat vasitələrinin salonunda yerləşdirilməsi gündəmə gələ bilər. Eyni zamanda, məlumatlandırma məsələləri də ön plana çıxa bilər. Necə ki, taksilərdə sürücünün adı və soyadı salon daxilində göstərilməlidir və sərnişin bu məlumatları aydın şəkildə bilməlidir, bu kimi tələblərin qeyri-müntəzəm sərnişin daşımalarına da şamil edilməsi mümkündür.

Bu istiqamətdə təkliflər artıq aidiyyəti qurumlar tərəfindən hazırlanır. Hər bir qurum öz fəaliyyət sahəsinə uyğun təkliflərini təqdim edəcək və bundan sonra yekun qərar qəbul olunacaq. Bu dəyişikliklərdə əsas məqsədlərdən biri sahədə fəaliyyət göstərən nəqliyyat vasitələrinin daha aydın şəkildə seçilməsidir. Eyni zamanda, təhlükəsizliyin artırılması, sərnişinlərin rahat və sərbəst hərəkətinin təmin edilməsi, qəzaların qarşısının alınması və baş verən hadisələrdən sonra məsuliyyət daşıyan tərəfin daha operativ müəyyənləşdirilməsi də prioritetlər sırasındadır.

Digər vacib məqam isə odur ki, nəqliyyat sektorunda fəaliyyət göstərən vasitələrin hansı sahəyə aid olduğunun dəqiq bilinməsidir. Yəni, müəyyən bir bölgü aparılmalı və hər bir nəqliyyat vasitəsinin hansı istiqamətdə xidmət göstərdiyi həm vizual olaraq, həm də daxili tərtibat baxımından aydın seçilməlidir.
Qaydaların necə dəyişəcəyinə isə yalnız yekun qərar qəbul olunduqdan sonra aydınlıq gələcək. Bu dəyişikliklər 2019-cu ildə qəbul olunmuş tələblərlə müqayisədə daha sərt də ola bilər, müəyyən qədər yumşaldıla da bilər. Lakin ümumi yanaşma ondan ibarətdir ki, tələblər artırılır və sahədə nizam-intizam gücləndirilir”.

Eldəniz Cəfərov onu da bildirib ki, bu yeniliklərin taksi və ya qeyri-müntəzəm sərnişin daşımalarının qiymətlərinə birbaşa təsiri gözlənilmir: “Çünki bu cür tələblər normal və zəruri hesab olunur və onların tətbiqi əsasən xidmət göstərən şirkətlərin məsuliyyətinə daxildir. Qiymətlər isə daha çox bazarda tələb və təklif əsasında formalaşır. Bu baxımdan, avadanlıqların quraşdırılması və ya tanınma nişanlarının tətbiqi kimi inzibati tələblər daşınma tariflərinə ciddi təsir etməməlidir”.

Afaq Mirayiq,
Musavat.com

 

Seçilən
36
18
musavat.com

10Mənbələr