Uzun illər İmişlini təmsil edən keçmiş deputat Piterdəki “Nikolskiye Ryadı” niyə aldı-aldadıblar, yoxsa...
Rusiya mediası son iki gündə azərbaycanlı iş adamı, Milli Məclisin sabiq deputatı Əsabil Qasımova bağlı şirkətin Sankt-Peterburqdakı Sadovaya 62 ünvanında yerləşən tarixi “Nikolskiye Ryadı”(“Nikolski sıraları”) binalarını alması haqda yazır. Musavat.com fontanka.ru saytına istinadən xəbər verir ki, “Nikolskiye Ryadı” 1789-cu ildə tikilmiş kommersiya binasıdır.
Bildirilir ki, əvvəl “Nikolskiye Ryadı” ın yeganə səhmdarı “Imrikhold Limited” şirkəti bütün payını “Sanatorium İstoçnik” və “Expo” şirkətlərinə satıb. Maraqlıdır ki, bu alqı-satqı bir neçə ay əvvəl olub. “Nikolskiye Ryadı”azərbaycanlı iş adamına 2,85 milyard rubla (təxminən 37 milyon dollar) başa gəlib.
Sankt-Peterburqun mərkəzində yerləşən kompleksinin 37 milyon dollara satılması ilk baxışda adi kommersiya əməliyyatı kimi görünə bilər. Rusiya mediası yazır ki, lakin bu sövdələşmə əslində daha dərin iqtisadi məntiqə və uzunmüddətli strateji baxışa əsaslanır. Çünki burada söhbət sadəcə bir daşınmaz əmlakın alqı-satqısından deyil, böyüyən turizm bazarında mövqe tutmaq cəhdindən gedir.
“Bu şirkətlər azərbaycanlı sahibkarlar — Şamama və Taleh Qasımovla bağlıdır. Onların biznes portfelinə Rusiyanın məşhur kurort şəhərlərində yerləşən sanatoriyalar və Moskvada iri kommersiya obyektləri daxildir. Bu isə göstərir ki, alıcılar turizm və xidmət sektorunda təcrübəsiz oyunçular deyil. Asabil Qasımovun bu alışda əsas məqsədi qısamüddətli qazanc deyil. Bu, daha çox uzunmüddətli və konservativ investisiya kimi qiymətləndirilir. Turizm sektorunda təcrübəsi olan investor üçün belə aktivlər gələcəkdə sabit gəlir və kapital artımı vəd edir. Xüsusilə də bazarın böyümə trendində olduğu şəraitdə” deyə, xəbərlərdə bildirilir.
“Nikolskı sıralar”ın tarixi də diqqətəlayiqdir. Vaxtilə bazar kimi fəaliyyət göstərən bu bina 2010-cu ildə investorlar tərəfindən alındıqdan sonra yenidən qurulub və 2018-ci ildə müasir turizm və ictimai məkan kimi istifadəyə verilib. Burada beynəlxalq hotel şəbəkələri, restoranlar və açıq ictimai sahələr fəaliyyət göstərib. Lakin son illərdə geosiyasi dəyişikliklər və Qərb brendlərinin Rusiyanı tərk etməsi obyektin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə hotellər rebrendinq edilib və əvvəlki gəlir səviyyəsi qorunmayıb.

Maliyyə göstəriciləri də bunu təsdiqləyir. 2025-ci ildə kompleksin gəliri 632,9 milyon rubl olsa da, xalis zərər 61,7 milyon rubl təşkil edib. Bu fakt təbii olaraq sual yaradır: zərər edən bir obyekt niyə milyardlarla vəsait hesabına alınır? Cavab isə konkret obyektin cari vəziyyətində deyil, bazarın ümumi dinamikasındadır. Sankt-Peterburq son illərdə turizm baxımından sürətlə inkişaf edir. 2025-ci ildə şəhərə 12,4 milyon turist gəlib və bu, əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Otellərdə qiymətlər yüksəlir, doluluq səviyyəsi isə pik dövrlərdə maksimum həddə çatır. Ən vacib məqam isə odur ki, şəhərdə keyfiyyətli hotel otaqları tələbatı tam ödəyə bilmir. Bu isə bazarda ciddi potensialın olduğunu göstərir.
“Nikolskı sıralar”ın əsas üstünlüyü onun yerləşdiyi ərazidir. Şəhərin tarixi mərkəzində, Mariinski teatrına yaxın ərazidə yerləşən bu kompleks turizm baxımından son dərəcə cəlbedici zonadadır. Bu cür lokasiyaya malik obyektlər uzunmüddətli perspektivdə dəyərini demək olar ki, həmişə artırır.
Ekspertlər hesab edir ki, maliyyə hesabatlarında görünən zərər daha çox kredit öhdəlikləri və əvvəlki investisiya xərcləri ilə bağlıdır. Yəni obyektin əməliyyat fəaliyyəti düzgün idarə olunduğu halda, ən azı öz xərclərini qarşılamaq potensialına malikdir.
Nəticə etibarilə, “Nikolskı sıralar”ın alınması zahirən riskli görünsə də, əslində hesablanmış addımdır. Bu, bugünkü maliyyə nəticələrinə deyil, sabahın imkanlarına yönəlmiş investisiyadır. Burada əsas məsələ zaman faktorudur. Əgər bazar gözlənildiyi kimi inkişaf etməyə davam edərsə və obyekt düzgün idarə olunarsa, bu gün zərərli görünən aktiv gələcəkdə yüksək gəlir gətirən layihəyə çevrilə bilər.
Sonda məlumat üçün deyək ki, Ə.Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirib. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışıb. 1995-ci ildə “Karat” holdinqini yaradıb. Onun iki oğlundan biri- 2019-cu ilin yanvarında İsveçrədə qış turizm mərkəzində xizək sürərkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişmişdi.
Musavat.com