AZ

Yeni layihə...

Əməkhaqqı ödənişində gender bərabərliyi qorunacaq!

Gender bərabərliyi yalnız sosial ədalət məsələsi deyil, həm də iqtisadi inkişafın mühüm şərtidir. Xüsusilə əməkhaqqı ödənişində qadınlar və kişilər arasında mövcud fərqlər uzun illərdir ki, qlobal miqyasda müzakirə olunur. Bu problem bir çox ölkədə müxtəlif səviyyələrdə qalmaqdadır və onun aradan qaldırılması üçün kompleks yanaşma tələb olunur.

Gender maaş fərqi...

Gender maaş fərqi eyni və ya bənzər işləri yerinə yetirən qadın və kişilər arasında əməkhaqqı fərqini ifadə edir. Statistik məlumatlar göstərir ki, qadınlar çox vaxt eyni iş üçün kişilərdən daha az əməkhaqqı alırlar. Bu fərq açıq diskriminasiya ilə yanaşı, dolayısı amillərlə də bağlıdır.

Əmək Məcəlləsində dəyişikliklər olacaq

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsində əks olunub.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə görə, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək işəgötürənin əsas vəzifələri hesab ediləcək.

Həmçinin, Məcəllənin 154-cü maddəsinə əlavə edilən hissədə işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğu qeyd olunub. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.

Bundan əlavə, layihədə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanununa təklif olunan dəyişikliyə əsasən əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur.

Əmək bazarında daha ədalətli və müasir prinsiplər...

İqtisadçı Fuad İbrahimov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müzakirəyə çıxarılan dəyişikliklər ölkəmizdə əmək münasibətlərinin daha ədalətli və müasir prinsiplər əsasında qurulmasına xidmət edir: “Əsas məqsəd ondan ibarətdir ki, hər bir vətəndaş - qadın və ya kişi olmasından asılı olmayaraq, gördüyü işə görə ədalətli və bərabər əməkhaqqı alsın. Təklif edilən dəyişikliklər açıq şəkildə müəyyən edir ki, eyni işi görən və ya dəyər baxımından bərabər olan müxtəlif işləri yerinə yetirən şəxslər arasında maaş fərqi qoyulması yolverilməzdir.

Bununla yanaşı, işəgötürənlərin məsuliyyəti daha da konkretləşdirilir. Onlar yalnız bərabər əməkhaqqını təmin etməklə kifayətlənməməli, həm də iş yerində cinsi ayrı-seçkiliyin qarşısını almaq üçün qabaqlayıcı və effektiv tədbirlər görməlidirlər. Bundan başqa, eyni pozuntuya görə fərqli işçilərə fərqli intizam tənbehinin tətbiqi kimi halların da qarşısı alınacaq”.

Qadınların əmək bazarında iştirakı stimullaşdırılacaq

İqtisadçı qeyd edib ki, bu dəyişikliklər həm Əmək Məcəlləsi, həm də Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun çərçivəsində hüquqi bazanı gücləndirərək daha şəffaf və ədalətli əmək mühiti formalaşdıracaq: “Əminliklə deyə bilərəm ki, bu addım yalnız sosial ədalətin təmin olunması deyil, həm də iqtisadi inkişaf və sağlam əmək bazarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklər qadınların əmək bazarında iştirakını stimullaşdıracaq, iş yerlərində bərabər imkanları genişləndirəcək və ümumilikdə cəmiyyətimizdə gender bərabərliyinin real təmininə xidmət edəcək.

Əməkhaqqı ödənişində gender bərabərliyi yalnız qadınların hüquqlarının qorunması deyil, həm də daha ədalətli və dayanıqlı cəmiyyət quruculuğunun əsas elementidir. Bu istiqamətdə həm dövlət, həm özəl sektor, həm də cəmiyyət birlikdə çalışmalıdır. Yalnız bu halda hər kəs üçün bərabər imkanlar təmin oluna bilər”.

Yeganə BAYRAMOVA

Seçilən
17
yeniazerbaycan.com

1Mənbələr