AZ

Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sahə rəisi ilə bağlı hökm çıxarıldı

Nərimanov Rayon Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada  təqsirləndirilən Cəlil Səmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

 

İttihama görə, Cəlil Səmədov 07 yanvar 2025-ci il tarixli əmək müqaviləsinə əsasən Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) sahə rəisi vəzifəsində çalışarkən üzərinə düşən xidməti vəzifələri lazımınca yerinə yetirməyib. Vəzifə təlimatına uyğun olaraq o, işçilər tərəfindən texnoloji və əmək intizamına, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etməli olduğu halda, bu öhdəlikləri icra etməyib.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərini pozaraq, işlərin təhlükəsiz şəkildə təşkili üçün zəruri olan qoruyucu vasitələrin tətbiqini təmin etməyib. Belə ki, o, işçilərin fərdi mühafizə vasitələri, o cümlədən qoruyucu kəmərlə təmin olunmasına nəzarət etməyib və işlərin təhlükəsiz şəraitdə aparılması üçün lazımi tədbirlər görməyib.

 

Nəticədə, 20 may 2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən meyvə-tərəvəz satışı obyektində söküntü işləri aparılarkən bədbəxt hadisə baş verib. Həmin vaxt yükləyən fəhlə kimi çalışan zərərçəkmiş Əlimurad Nəbiyev (soyadı şərtidir) kölgəliyin sökülməsi zamanı təxminən 2 metr hündürlükdə yük avtomobilinin kabinəsinin üzərində dayanaraq işləyərkən müvazinətini itirərək yerə yıxılıb. Hadisə nəticəsində zərərçəkmiş şəxs ağır xəsarətlər alıb.

 

İttihamda qeyd olunur ki, baş vermiş hadisə Cəlil Səmədovun üzərinə qoyulmuş təhlükəsizlik qaydalarına nəzarət vəzifələrini yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan baş verib. Belə ki, o, əməlindən yarana biləcək təhlükəli nəticələri qabaqcadan görməli və görə biləcəyi halda lazımi diqqət və ehtiyatlılıq göstərməyərək səhlənkarlıq edib.

 

Bununla da, təqsirləndirilən şəxsin əməlində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma faktı təsdiqini tapıb.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2026, 09:29   
Seçilən
24
pravda.az

1Mənbələr