AZ

Sənədləri saxtalaşdıran şirkət rəhbərinə hökm oxundu

Nərimanov Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtakarlığında və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Tahir Tahirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilib, o, MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə nümayəndə edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınıb.

 

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, Tahir Tahirov vəzifəli şəxs qismində xidməti səlahiyyətlərindən sui-istifadə etməklə, rəsmi sənədləri saxtalaşdırmaq və rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməkdə ittiham olunur.

 

İttihamda göstərilir ki, təqsirləndirilən şəxs Bakıda fəaliyyət göstərən MMC-lərin birinin direktor müavini olmaqla faktiki olaraq şirkətə rəhbərlik edib, xidməti vəzifələrinin icrası ilə əlaqədar həm özü, həm də rəhbərlik etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qanunla qorunan dövlət mənafelərinə mühüm zərər vurub. O, vəzifəli şəxs kimi qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib, eyni zamanda vəzifə saxtakarlığına yol verib.

 

Araşdırmalarla müəyyən olunub ki, Tahir Tahirov rəhbərlik etdiyi MMC-nin fəaliyyəti çərçivəsində xarici tərəfdaşla bağlanmış müqavilə üzrə öhdəliklərin icrası və gəlir əldə etmək məqsədilə qanunsuz hərəkətlərə əl atıb. Belə ki, o, Bakı şəhərində yerləşən yaşayış evində quraşdırılmış kompüter vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məxsus rəsmi sənəd – “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”ın rəqəmsal nüsxəsini əldə edərək, həmin sənəd üzərində dəyişikliklər edib.

 

Təqsirləndirilən şəxs sənədin qeydiyyat nömrəsi, tarixi, hüquqi ünvanı, fəaliyyət istiqaməti və digər mühüm rekvizitlərini dəyişdirərək, onu rəhbərlik etdiyi MMC-yə aid sənəd kimi saxtalaşdırıb və kompüterin yaddaşında saxlayıb. Daha sonra həmin saxta sənəddən istifadə etməklə İqtisadiyyat Nazirliyinin rəsmi elektron informasiya sistemi üzərindən malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınması üçün müraciət edib.

 

İstintaq materiallarında qeyd olunur ki, Tahir elektron sistemə daxil olarkən, rəhbərlik etdiyi MMC-nin qida zənciri obyekti kimi müvafiq dövlət reyestrində qeydiyyata alınmadığını bildiyi halda, bilə-bilə yalan məlumatları sistemə daxil edib. İlkin müraciət zamanı təqdim olunan sənəddə uyğunsuzluqlar aşkar edildiyinə görə ekspertiza aktının verilməsindən imtina edilsə də, o, cinayətkar niyyətindən əl çəkməyərək eyni saxta sənədlə yenidən müraciət edib. Nəticədə, saxta sənədlər əsasında müvafiq ekspertiza aktının tərtib olunmasına və mənşə sertifikatlarının verilməsinə nail olunub. Bu isə dövlət orqanının – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olub.

 

İttihama görə, təqsirləndirilən şəxs bu əməlləri ilə vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədləri saxtalaşdırıb, rəsmi informasiya resursuna bilərəkdən yalan məlumatlar daxil edib və dövlət maraqlarına zidd hərəkətlərə yol verib.

 

Qeyd olunan hallara əsasən, onun əməli Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (rəsmi sənədlərin saxtalaşdırılması) maddələri ilə tövsif edilib.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2026, 09:33   
Seçilən
45
pravda.az

1Mənbələr