AZ

Avtoyuma məntəqəsində “moyşik”lər dava etdi - MƏHKƏMƏ

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cəmil Cəlilovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 23 yanvar 2026-cı il tarixdə saat 23 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqəsinin daxilində, işçilər üçün nəzərdə tutulmuş istirahət otağında baş verib.

 

Belə ki, Cəmil Cəlilov həmin yerdə onunla birlikdə çalışan tanışı, zərərçəkmiş İxtiyar Tağıyevlə (adı, soyadı şərtidir) şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya qarşı fiziki zor tətbiq edib.

 

Araşdırmalar zamanı müəyyən olunub ki, mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin xaya nahiyəsinə təpik zərbəsi endirərək ona xəsarət yetirib.

 

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Toplanmış sübutlar əsasında Cəmil Cəlilov əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilib.

 

Məhkəmənin hazırlıq iclasında Cəmil Cəlilov özünü təqsirli bilib, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam şəkildə ödədiyini bildirib. O, iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə təqdim edib.

 

Eyni zamanda, məhkəmə iclasında iştirak edən İxtiyar Tağıyev də Cəmillə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və dəymiş ziyanın ödənildiyini təsdiqləyərək bu barədə yazılı ərizə təqdim edib və işə xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2026, 09:35   
Seçilən
7
pravda.az

1Mənbələr