AZ

Səhiyyə sahəsinin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq alim

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixən Azərbaycanın görkəmli şəxsiyyətləri, tanınmış alim və mütəxəssisləri təkcə yerli deyil, eyni zamanda dünya səviyyəsində müxtəlif sahələrdə yeniliklərin tətbiq olunması, bu və ya digər sahələrin inkişafında xidmətləri ilə fərqləniblər. Onların fəaliyyət göstərdikləri sahələrə gətirdikləri yeniliklər adlarını tarixə yazıb, əbədiləşdirib. Bu gün də həmin alim və mütəfəkkirlərin zamanında tətbiq etdikləri, yenilik kimi təmsil etdikləri sahələrə gətirdikləri metod və texnologiyalardan istifadə edilir, onların təcrübəsi geniş tədqiq olunur. Belə görkəmli şəxsiyyətlərdən biri də oftalmoloq alim Zərifə xanım Əliyeva idi. Zərifə Əliyeva Azərbaycanın tibb elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərdən biridir. Onun oftalmologiya sahəsində fəaliyyəti fundamental yeniliklərlə yadda qalmış, ölkənin səhiyyə sahəsinin inkişafına mühüm töhfələr vermişdi.Məhz tibb elminə verdiyi dəyərli töhfələr, bu sahənin inkişafında oynadığı mühüm rol, Zərifə Əliyevanı XX əsrdə Azərbaycanda oftalmologiya elminin aparıcı simalarından birinə çevirmişdi. Zərifə Əliyevanın şərəflə xidmət etdiyi səhiyyə sahəsində qazandığı uğurlardan biri traxoma infeksion xəstəliyinə qarşı mübarizə üsulunun müəyyən edilməsi idi. Məlum olduğu kimi XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Bu səbəbdən həmin infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir vəziyyətdə Zərifə Əliyeva, ilk növbədə peşə xəstəliklərinin, xüsusilə də sənaye müəssisələrində çalışan işçilərin görmə orqanında yaranan problemlərin öyrənilməsi ilə məşğul oldu. Kimya və neft sənayesinin sürətlə inkişaf etdiyi dövrdə bu sahədə çalışan insanların göz sağlamlığı ciddi təhlükə altında idi. Zərifə Əliyeva məhz bu problemi elmi şəkildə araşdıraraq, istehsalat mühitinin gözə təsirini sistemli şəkildə öyrəndi. Məhz Zərifə Əliyevanın tədqiqatları nəticəsində müxtəlif zərərli maddələrin və istehsalat faktorlarının görmə orqanına təsiri müəyyənləşdirildi, bu sahədə profilaktik tədbirlər hazırlandı. Görkəmli alimin tətbiq etdiyi bu yanaşma təkcə Azərbaycanda deyil, ondan kənarda da tətbiq edilməyə başlanıldı. Zərifə Əliyeva traxoma xəstəliyinin yayılma səbəblərini də araşdıraraq, onun erkən diaqnostikası və effektiv müalicəsi üçün yeni metodlar təklif etmişdi. Məhz Zərifə Əliyevanın elmi-praktiki fəaliyyəti nəticəsində traxomanın yayılması əhəmiyyətli dərəcədə azalmış və bu sahədə səhiyyə sistemində ciddi irəliləyiş əldə olunmuşdur.Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız konkret xəstəliklərin öyrənilməsi ilə məhdudlaşmırdı. O, paralel olaraq oftalmologiyanın müxtəlif sahələrində geniş tədqiqatlar aparır, göz xəstəliklərinin diaqnostikası və müalicəsində yeni yanaşmalar irəli sürürüdü ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından göz xəstəliklərinin öyrənilməsində geniş istifadə edilir. Həyatını Azərbaycan səhiyyəsinin inkişafına həsr edən Zərifə Əliyevanın müəllifi olduğu çoxsaylı elmi məqalələr və monoqrafiyalar tibbi ədəbiyyatın zənginləşməsinə böyük töhfə vermişdi. Həmin əsərlər həm yerli, həm də xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və uzun illər praktik həkimlər üçün mühüm mənbə rolunu oynamışdır.Zərifə Əliyeva həm də görkəmli pedoqoq idi. O, pedaqoji fəaliyyətə də xüsusi önəm verərək, uzun illər tibb sahəsində çalışan gənc mütəxəssislərin hazırlanması ilə məşğul olmuş, onların elmi dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdi. Zərifə xanım Əliyeva alim, pedoqoq olmaqla yanaşı, həm də xeyirxah və qayğıkeş ana idi. Belə ki, görkəmli alimin uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alınmasında xüsusi xidmətləri olub. Zərifə Əliyeva təkcə çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarına səfər edərək xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.Azərbaycan tibb elminə gətirdiyi yeniliklərə görə, Zərifə Əliyevanın xidmətləri həm dövlət, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, görkəmli alim müxtəlif mükafatlara və fəxri adlara layiq görülmüşdü. Zərifə Əliyevanın oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlər dünya səviyyəsində də tanınmışdı. Bütün bu uğur və nailiyyətlərin nəticəsidir ki, Zərifə Əliyevanın adı bu gün də Azərbaycan tibb tarixində böyük hörmətlə xatırlanır.Zənnimcə, Zərifə xanım Əliyevaya verilən ən yüksək mükafat, dəyər Onun ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyevin görkəmli alim barədə söylədiyi fikirlərdir. Bu mənada Ümummilli Lider deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.Nəsib Məhəməliyev, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
newscenter.az

2Mənbələr