AZ

Küveyt və Səudiyyə Ərəbistanı İrana qarşı yeni hücum ittihamı irəli sürüb

Atəşkəs qüvvədə qalsa da, Körfəz ölkələri enerji və strateji obyektlərin dron zərbələrinə məruz qaldığını bildirir, Tehran isə iddiaları rədd edərək bunu mümkün təxribat adlandırır...

Poliqon xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin açıqlaması, Səudiyyə Ərəbistanının dövlət Agentliyinin məlumatı və İranın Press TV telekanalının yaydığı bəyanatda bildirilib.

Küveyt və Səudiyyə Ərəbistanı İranı və onun müttəfiqlərini müvəqqəti atəşkəs rejiminin qüvvədə olduğu bir vaxtda öz ərazilərində yerləşən obyektlərə zərbələr endirməkdə ittiham edib. Rəsmi Küveytin açıqlamasına görə, cümə axşamı axşam saatlarında həyata keçirilən pilotsuz uçuş aparatı hücumları ölkənin bəzi həyati əhəmiyyət daşıyan obyektlərini hədəf alıb.

Səudiyyə Ərəbistanının dövlət Agentliyi isə anonim mənbəyə istinadən xəbər verib ki, krallığın yanacaq-enerji kompleksinə aid bir sıra obyektlər də hücumlar nəticəsində zərər görüb. Bildirilir ki, xüsusilə Şərq-Qərb əsas boru kəmərində yerləşən nasos stansiyaları vurulub. Bu isə boru kəməri ilə nəql olunan həcmin təxminən gündə 700 min barel azalmasına səbəb olub. Həmin marşrutun hazırkı dövrdə qlobal bazarların təchizatı üçün əsas xətlərdən biri olduğu vurğulanır.

Məlumata görə, hücum Manifədə yerləşən neft emalı zavoduna da təsir edib. Nəticədə müəssisənin istehsal gücü təxminən gündə 300 min barel həcmində azalıb. Bu göstəricilər regiondakı gərginliyin təkcə təhlükəsizlik sahəsinə deyil, eyni zamanda beynəlxalq enerji bazarına da birbaşa təsir göstərə biləcəyini ortaya qoyur.

Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlarda iştirakına dair ittihamları qətiyyətlə rədd edib. Press TV-nin sitat gətirdiyi bəyanatda deyilir ki, “İran İslam Respublikasının silahlı qüvvələri atəşkəs saatları ərzində indiyədək heç bir ölkəyə qarşı hər hansı raket buraxmayıb”.

SEPAH əlavə edib ki, baş verən hadisələr ABŞ və ya İsrail tərəfindən təşkil edilmiş təxribat da ola bilər. Bununla da Tehran həm ittihamları qəbul etmədiyini nümayiş etdirib, həm də regionda gərginliyin daha da artırılmasına yönəlmiş mümkün ssenarilərə işarə vurub.

Hadisə ətrafında səslənən qarşılıqlı ittihamlar Yaxın Şərqdə onsuz da kövrək olan atəşkəs rejiminin dayanıqlılığı ilə bağlı sualları daha da artırır. Enerji infrastrukturlarının hədəfə alınması isə vəziyyətin yalnız hərbi deyil, iqtisadi və geosiyasi nəticələrinin də ağır ola biləcəyini göstərir.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr