AZ

Bakı metrosunda abunə və limitsiz kartlar tətbiq olunacaq? RƏSMİ AÇIQLAMA

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı Metropolitenində abunə, limitsiz və çoxgedişli gediş paketlərinin tətbiqi hələlik nəzərdə tutulmasa da bu gələcəkdə mümkün ola bilər.

Bu barədə qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, cari ildə belə kartların istifadəyə verilməsi planlaşdırılmır.

Bununla belə, qeyd olunub ki, sözügedən istiqamətdə araşdırmalar aparılır və gələcək tətbiq üçün əsas tələblər müəyyən edilir.

"Tarif siyasəti ilə bağlı olaraq paketlərin qiymətləri və istifadə qaydalarının səlahiyyətli qurum tərəfindən təsdiqlənməsı, eyni zamanda sərnişinlərin şəxsi məlumatlarının qorunması, həmçinin təhlükəsizlik və əməliyyat baxımından kartlarla bağlı mümkün dələduzluq hallarının qarşısının alınması, pilot layihənin həyata keçirilməsi və sərnişinlər arasında məlumatlandırma işlərinin aparılması vacibdir".

Məlumata görə, bu sistem üçün texniki baxımdan turniket və oxuyucuların yenilənməsi və ya proqram təminatının təkmilləşdirilməsi də tələb olunur:

"Bu sistemlər vaxt əsaslı abunələri (həftəlik, aylıq, illik) tanımalı, limitsiz istifadəni düzgün tətbiq etməli və çoxgedişli paketlərdə gediş sayını avtomatik olaraq azaltmalıdır. Bundan əlavə, abunələrin avtomatik aktivləşdirilməsi və illik limitsiz kartlar üçün fərdi identifikasiya kimi funksiyalar da təmin edilməlidir".

"Gələcəkdə tarif siyasətində dəyişikliklərin və yeni ödəniş modellərinin tətbiqi üçün sistem çevik olmalı, açıq standartlardan istifadə edilməli və hesab əsaslı bilet sisteminə keçid nəzərdən keçirilməlidir. Eyni zamanda ödəniş üsullarının daha ədalətli və səmərəli tarif mexanizminin formalaşdırılmasına, sərnişin rahatlığının artırılmasına və sərnişin axınının daha düzgün idarə olunmasına xidmət etməsi prioritet vəzifələrdəndir", - deyə açıqlamada vurğulanıb.

Banu Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
baku.ws

2Mənbələr