AZ

Bakıdakı binalar zəlzələ və selə qarşı nə qədər dözümlüdür?

Son vaxtlar ölkə ərazisində müşahidə olunan güclü yağıntılar və bunun nəticəsində yaranan ciddi subasma hadisələri yaşayış binalarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. 

Bu mənzərə fonunda hər bir vətəndaşı haqlı bir sual düşündürür: Azərbaycanda tikilən çoxmərtəbəli binalar hər hansı təbii fəlakətə, xüsusən də zəlzələ və sel təhlükəsinə nə qədər dözümlüdür?

Məsələ ilə bağlı əmlak və tikinti məsələləri üzrə ekspert Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, şəhərsalma və tikinti layihələri hazırlanarkən bir çox normativlər, şəhərsalma konseptləri və müvafiq tələblər əsas götürülür:


“Məsələn, Sovet dövründə bu qəbildən olan bütün işlər konkret normativ tələblər çərçivəsində həyata keçirilirdi. SSRİ dağıldıqdan sonra da həmin normativlər ölkəmizdə tətbiq olunmağa davam etdi. Xüsusilə 1980-ci illərin inşaat standartları sonradan daha da təkmilləşdirildi. Bu gün ölkədə inşaat işləri çox ciddi normativ tələblər əsasında aparılır. 2012-ci ildən etibarən bu normalar daha da sərtləşdirildi, 2018-ci ildən isə nəzarət mexanizmləri xeyli gücləndirildi. Bu səbəbdən yeni inşa edilən binalarda təhlükəsizlik riskləri yox dərəcəsindədir”.

Ekspertin sözlərinə görə, mövcud yaşayış fonduna, xüsusən çoxmənzilli binalara nəzər salsaq, ən riskli sahənin istismar müddəti bitmiş binalar olduğunu görərik:
“Çünki bu binalarda yaşayış qismən təhlükəlidir. Hazırda ölkədə 25 minə yaxın çoxmənzilli bina mövcuddur. Onlardan təxminən 1100-ü Fövqəladə Hallar Nazirliyi tərəfindən qismən qəzalı və yaşayış üçün təhlükəli bina kimi qeydiyyata alınıb. Həmin binaların 180-i ötən il xüsusi siyahıya daxil edilib və onların qısa müddətdə sökülməsi istiqamətində işlər aparılır. Hətta son bir il ərzində bir neçə binanın söküntüsü artıq yekunlaşıb”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, yaşayış fonduna təsir edən təbii fəlakət amilləri arasında son vaxtlar müşahidə olunan güclü yağıntılar nəticəsində yaranan su basmalarını xüsusi qeyd etmək lazımdır:
“Bundan əlavə, əgər zəlzələ normadan yüksək olarsa, ciddi qüsurları olan və istismar müddəti bitmiş binaların zərər görmə ehtimalı böyükdür. Eyni zamanda, müxtəlif səbəblərdən dövlət istismarına qəbul edilməyən 70-ə yaxın yeni tikili mövcuddur. Ola bilsin ki, bu binaların bəzilərində konstruksiya elementləri ciddi şəkildə qüsurludur və məhz bu səbəbdən onlar istismara qəbul olunmayıblar. Hazırda mövcud olan əsas risklər bunlardır”.

Sevinc İsmayıl


 

Seçilən
8
hit.az

1Mənbələr