AZ

Azərbaycan Dillər Universitetinin QS beynəlxalq reytinqində əldə etdiyi mühüm nailiyyət

525.az saytına istinadən ain.az xəbər verir.

Məlum olduğu kimi, bu günlərdə "Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi 2026-cı il üçün fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini dərc edib. Nəticələrə əsasən, Azərbaycan Dillər Universiteti (ADU) "Müasir dillər" istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151-200 aralığında qərarlaşıb. Universitet, eyni zamanda, "Linqvistika" sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251-300-cü yerlər qrupunda təmsil olunub. ADU əvvəlki illərlə müqayisədə dinamik inkişaf nümayiş etdirib. Universitet 2023 və 2024-cü illərdə "Müasir dillər" sahəsi üzrə 301-340 aralığında qərarlaşdığı halda, 2025-ci ildə mövqeyini 201-250 aralığına yüksəldib, 2026-cı ildə isə bu göstəricini daha da yaxşılaşdıraraq ilk 200-lükdə yer alıb.

QS tərəfindən bu ilin reytinqlərinin hazırlanması məqsədilə təxminən 6273 ali təhsil müəssisəsinin akademik nüfuzu və elmi-tədqiqat fəaliyyətinin nəticələri təhlil edilib. Bu qurumlar arasından 1908 universitet 55 dar ixtisas sahəsi və 5 geniş fənn istiqaməti üzrə qiymətləndirilib, nəticədə 21 mindən çox göstərici formalaşdırılıb. Bu statistika QS-in fənn reytinqlərinin hazırlanmasının genişmiqyaslı və kompleks xarakter daşıdığını nümayiş etdirir. QS fənn reytinqləri beş əsas indikator əsasında formalaşdırılır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, bir məqaləyə düşən istinadların sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu göstəricilər ali təhsil müəssisələrinin həm elmi-tədqiqat potensialını, həm də qlobal akademik mühitdəki mövqeyini kompleks şəkildə qiymətləndirməyə imkan verir.

Azərbaycan Dillər Universitetinin QS beynəlxalq reytinqində əldə etdiyi mühüm nailiyyət və bunun arxasında dayanan uğur amilləri barədə universitetin rektoru, akademik Kamal Abdulla ilə söhbətləşdik.

- Kamal müəllim, "Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi 2026-cı il üçün fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini dərc edib. Nəticələrə əsasən, Azərbaycan Dillər Universiteti "Müasir dillər" istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151-200 aralığında qərarlaşıb. Bu münasibətlə sizi və bütün kollektivi təbrik edirik. Ötən il universitet "Müasir dillər" istiqaməti üzrə 201-250 aralığında qərarlaşmışdı. Bu il açıqlanan nəticələrdə universitetin xeyli irəlilədiyini görürük. Bu uğuru necə qiymətləndirirsiniz və bu nəticəni əldə etmək üçün hansı addımlar atılıb?

- Soruşsanız ki, siz bu "Quacquarelli Symonds" beynəlxalq reytinq agentliyinin reytinq üzrə çalışanlarını tanıyırsınız? Mən deyəcəm tanımıram. Yəni biz öz işimizi görürük. Tədrislə bağlı, tələbələrlə işi qurmaqla bağlı. ADU-da tələbələrin savadlı, ləyaqətli, mətin və vətənpərvər bir vətəndaş kimi formalaşması, seçdiyi sahə üzrə mütəxəssis kimi yetişməsi üçün əlimizdən gələni edirik. Onlar da bunu qiymətləndirirlər. Sağolsunlar ki, həqiqəti görürlər. Bəzi ağzıgöyçəklər kimi universitetin məzunları, bakalavrları haqqında ağızlarına gələni danşmırlar. Bu göstərici real göstəricidir. Hesab edirəm ki, ADU-nun "Müasir dillər" istiqaməti üzrə və "Linqvistika" sahəsi üzrə yer tutması çox əlamətdar bir hadisədir. Universitetimizdə olan dil mərkəzləri, xarici universitetlərdə ADU-nun yaratdığı dil mərkəzləri, aparılan dərslərin keyfiyyəti, tələbələrlə qurulan əməkdaşlıq, şəffaflıq, obyektivlik və s. nəzərə alınıb. QS fənn reytinqləri beş əsas istiqamət - akademik nüfuz, işəgötürənlər arasında nüfuz, bir məqaləyə düşən istinadların sayı və s. üzrə aparılır. Bu göstəricilər ali təhsil müəssisələrinin həm elmi-tədqiqat potensialını, həm də qlobal akademik mühitdəki mövqeyini kompleks şəkildə qiymətləndirməyə imkan verir. Azərbaycan Dillər Universitetinin bu nailiyyətləri onun beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini nümayiş etdirir. Bu, qürurvericidir.

- Eyni zamanda ADU  "Linqvistika" sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251-300-cü yerlər qrupunda təmsil olunub. Bu da universitetin artıq bir neçə istiqamətdə fərqləndiyini göstərir.  ADU-nun digər sahələr üzrə fərqlənməsi perspektivlərini necə görürsünüz və bunun üçün hansı imkanlar mövcuddur?

- "Linqvistika" ADU üçün yeni bir sahədir. Bilirsiniz ki, Linqvistika bir elmin adıdır. ADU-da bu sahə üzrə öz sözünü deyən alimlər var. Bizim Ümumi dilçilik kafedrasının müdiri, professor Azər Məmmədovun Niderlandda çıxan dilçilik elmi jurnalının baş redaktoru seçilməsi ADU-nun potensialına olan münasibətin göstəricisidir. Universitetimiz bu il "Linqvistika" sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251-300-cü yerlər qrupunda təmsil olunub. Əslində ADU-nun reytinq cədvəlində "Müasir dillər" istiqaməti ilə yanaşı, "Linqvistika" sahəsi üzrə də yer tutmaması təəccüb doğurardı. Çünki bunlar hardasa bir-birini tamamlayan istiqamətlərdir. Hər iki istiqamət üzrə obyektiv qiymətləndirmə aparılıb. Artıq üç ildir ki, ADU-nun adı QS beynəlxalq reytinq agentliyinin dünyanın ən yaxşı universitetləri reytinqində yer alır. İlk dəfə biz reytinq cədvəlində "Müasir dillər" istiqaməti üzrə 250-300-cü yerləri bölüşdük. Ötən il 200-250-ci yerlərdə qərarlaşdıq. Bu il isə ADU "Müasir dillər" istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151-200 yerlərə yüksəldi. İldən-ilə mühüm irəliləyişlər əldə olunur və ADU-nun adı cədvəldə ön sıralarda yer alır. Universitetimiz "Linqvistika" sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251-300-cü yerlər qrupunda təmsil olunub. Bu da yaxşı göstəricidir.

- Azərbaycan Dillər Universiteti son illər beynəlxalq əlaqələrini genişləndirir. Müxtəlif ölkələrdə  ADU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılışı olub. Həmçinin universitetdə həmin ölkələrin dil və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin yaradılması universitetin beynəlxalq əməkdaşlıq strategiyasının hansı mərhələsini təşkil edir və gələcəkdə bu strategiyanın genişləndirilməsi planlaşdırılırmı?

- Azərbaycan Dillər Universiteti bir çox ölkələrin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq memorandumu əsasında əməkdaşlıq edir. Məsələn, Türkiyənin Sakarya Tətbiqi Elmlər Universiteti, Ankara Universiteti, İzmir İqtisadiyyat Universiteti, İstanbul Aydın və Ege Universiteti, Rumıniyanın Aleksandru İoan Kuza İasi, Babeş-Bolyai, Kluj Piteşti Universitetləri, İtaliyanın Ka`Foskari, Neapol, "L'Orientale" Peruca Xaricilər Universitetləri, Fransanın Azərbaycan Fransız İnstitutu, Serbiyanın Belqrad və Novi Pazar Dövlət Universitetləri, Polşanın Qdansk Universiteti, Xorvatiyanın Zaqreb və Humanitar və Sosial Elmlər Fakültəsi Zaqreb Universiteti,  Birləşmiş Krallığın Essex və Portsmut Universitetləri,  Rusiyanın L.N.Tolstoy adına Tula Dövlət Pedaqoji, Voronej, Moskva Dövlət Dilçilik, Həştərxan, Pyatiqorsk Dövlət, Samara Dövlət Texniki, Çeçenistan Dövlət Pedaqoji Universitetləri, Macarıstanın Elte Universiteti, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi, Pecs Universiteti Beynəlxalq Mərkəzi, ABŞ-ın Arizona Dövlət Universiteti və Kaliforniya Dövlət Universiteti və s. Bu əməkdaşlıqlar müxtəlif istiqamətləri - ortaq tədqiqat və layihələr, müəllim və tələbə mübadiləsi, ortaq akademik proqramların hazırlanması, beynəlxalq konfrans və seminarların təşkili və s. əhatə edir. Bu əlaqələr universitetimizin beynəlxalq reputasiyasının gücləndirilməsinə, elmi, tədris imkanlarının genişləndirilməsinə və dünya təhsil şəbəkəsinə inteqrasiyasına töhfə verir. Bildiyiniz kimi, ADU-da hazırda 20-dən çox dil mərkəzi fəaliyyət göstərir. Bunlar Macar dili və mədəniyyəti mərkəzi, Türk Dünyası Araşdırmaları Mərkəzi, Avstriya mərkəzi, Frankofoniya Universitet Mərkəzi, İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi, Koreya Mədəniyyət Mərkəzi, Serb dili və Mədəniyyəti Mərkəzi, Yaponiya Araşdırmalar Mərkəzi, Alman oxu zalı, Hindi dili və mədəniyyəti mərkəzi, İspan dili Mərkəzi, İtalyan mərkəzi, Skandinaviya Mərkəzi, Rumın Dili və Mədəniyyəti Mərkəzi, Pakistan Dili və Mədəniyyəti Mərkəzi, Alman Akademik Mübadilə Xidməti, Rusiyaşünaslıq Mərkəzi, Fransız Dili və Mədəniyyəti Mərkəzi, Şeyx Zayed Ərəb Dili Auditoriyası, Yunan Araşdırmaları və Mədəniyyəti Mərkəzi, Belarus Dili və Mədəniyyəti Mərkəzi Və İndoneziya Araşdırmalar Mərkəzi. Bu mərkəzlərdə həmin dillərin xalqlarının mədəniyyəti, tarixi, ədəbiyyatı təbliğ olunur. Bu mərkəzlər müxtəlif dillərin və həmin dillərin xalqlarının mədəniyyətini, tarixini, ədəbiyyatını Azərbaycanda təbliğ edir. Gələcəkdə universitetdə digər yeni mərkəzlərin yaradılması da nəzərdə tutulub. Eyni zamanda sözügedən ölkə universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. Onların sayı 8-dir. Dillər Universitetin təşəbbüsü ilə yaradılan bu mərkəzlərə bizim tərəfimizdən göndərilən insanlar, mütəxəssislər rəhbərlik edirlər. Biz müəyyən plan və proqram üzrə mərkəzlərin fəaliyyət göstərdiyi universitetlərin tələbələrinə Azərbaycan dili və mədəniyyəti, ümumiyyətlə, Azərbaycan haqqında bilgilər verilir. Əsas məqsədimiz Azərbaycan həqiqətlərini sözügedən ölkə universitetlərində təbliğ etməkdir. Prezident cənab İlham Əliyevin apardığı siyasətin uğurlu, uzaqgörən, perspektivli, strateji istiqamətlərini həmin ölkələrin vətəndaşlarına, gənclərinə təqdim etməkdir.   

- ADU-nun professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması, müasir təlim və tədris metodları ilə tanışlığı, elmi mübadilə proqramlarında iştirakı üçün hansı addımların atılması planlaşdırılır?

- Müasir dövrdə elmi məqalələrin beynəlxalq jurnallarda çap olunması ali təhsil müəssisələrinin inkişaf göstəricilərindən biri hesab edilir. Bu baxımdan Azərbaycan Dillər Universitetinin müəllimləri müxtəlif istiqamətlər üzrə araşdırmalar apararaq elmi yeniliklərini dünya ictimaiyyətinə təqdim edirlər. Xüsusilə dilçilik, pedaqogika, psixologiya, tərcüməşünaslıq və beynəlxalq münasibətlər sahələrində yazılmış məqalələr xarici ölkələrin elmi nəşrlərində yer alır. Bu universitetdə elmi potensialın yüksək olduğunu göstərir. Müəllimlərin beynəlxalq elmi jurnallarda məqalələrinin çap olunması onların peşəkarlığını artırmaqla yanaşı, universitetin dünya reytinqində mövqeyinin güclənməsinə də müsbət təsir edir. ADU-nun professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə elmi məqalələri beynəlxalq jurnallarda çap olunan alimlərə mükafat verilir.

- ADU-da innovasiya və rəqəmsallaşma sahəsində, xüsusən də süni intellektlə bağlı hansı yeniliklər həyata keçirilir və gələcəkdə bu sahənin inkişafını necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planı"na uyğun olaraq ADU-da rəqəmsallaşma, xüsusən də süni intellektlə bağlı mühüm yeniliklər həyata keçirilib. Universitetdə Süni İntellekt və Rəqəmsallaşma üzrə Elmi Mərkəzi yaradılıb. Bu mərkəz vasitəsilə biz universitetində rəqəmsallığı yeni bir mərhələdə həyata keçirməyə çalışırıq.  Mərkəzin əsas məqsədi rəqəmsal həllərin və süni intellekt texnologiyalarının təhsil proseslərinə - həm universitet daxilində, həm də onun hüdudlarından kənarda - tətbiqi və öyrənilməsidir. Mövzunun aktuallığını nəzərə alaraq, mərkəz innovasiyaların tətbiqi dövründə baş verən proseslərin elmi ekspertizasını və təhlilini də həyata keçirir. Fəaliyyətin əsas istiqamətlərindən biri süni intellekt və rəqəmsallaşma sahəsində kadrların hazırlanması, inkişafı və attestasiyası üçün platformanın yaradılmasıdır. Mərkəzin əsas xüsusiyyəti onun yalnız nəzəri deyil, həm də praktiki yönümlü olmasıdır. Mərkəzin ştatında Python, Java və PHP kimi müxtəlif proqramlaşdırma dillərini bilən proqramçılar fəaliyyət göstərir. Onların vəzifəsi mərkəz əməkdaşlarının elmi tədqiqatları əsasında proqram təminatı və tətbiqlərin hazırlanmasıdır. Beləliklə, nəzəriyyə ilə praktika effektiv şəkildə birləşdirilir. Hazırlanan proqram məhsulları həm universitet daxilində istifadə üçün, həm də beynəlxalq elmi və qrant layihələrində iştirak üçün nəzərdə tutulur. Bundan əlavə, mərkəzin nəzdində süni intellektin etik və hüquqi inkişafı üzrə müşahidə şurası yaradılmışdır. Şuraya proqramçılar, alimlər, psixoloqlar və biznes nümayəndələri daxil olacaq ki, bu da məsələlərin multidissiplinar yanaşma ilə qiymətləndirilməsinə imkan verəcək. Rəqəmsallaşma universitetdə tədris prosesinin daha çevik və əlçatan olmasına şərait yaradır. Müəllimlər dərs materiallarını elektron formada tələbələrə təqdim edir, onlayn platformalar vasitəsilə tapşırıqlar göndərilir və qiymətləndirmə prosesi daha şəffaf şəkildə həyata keçirilir. Bu isə həm müəllimlərin, həm də tələbələrin vaxtına qənaət etməsinə kömək edir. Bundan əlavə, universitet kitabxanasında rəqəmsal arxiv sisteminin mövcudluğu tələbələrin və müəllimlərin elmi mənbələrə daha rahat çıxışını təmin edir. Elektron kitabxana və beynəlxalq elmi bazalar vasitəsilə istifadəçilər müxtəlif xarici mənbələrdən yararlanaraq elmi biliklərini genişləndirir. Nəticə etibarilə, Azərbaycan Dillər Universitetində həyata keçirilən rəqəmsallaşma tədbirləri təhsil prosesinin müasirləşməsinə və keyfiyyətinin yüksəlməsinə xidmət edir.

- Məzunların karyera imkanları və əmək fəaliyyətləri ilə bağlı universitet hansı işlər görür?

- Biz müəllimlər, filoloqlar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, tərcüməçilər yetişdiririk. Universiteti bitirdikdən sonra əlbəttə ki, onların qarşısında müəyyən maneələr yaranır. O maneələri özləri keçməlidirlər. Elə tələbələrimiz olur ki, istehsalat təcrübəsində olarkən onları işə götürürlər. Bu, tələbənin özündən asılıdır. Bizim həm paytaxtda, həm də bölgələrdə məzun müəllimlərimiz fəaliyyət göstərir. Biz məzunlarla iş və karyera imkanlarının qiymətləndirilməsi, məzunların təhsil keyfiyyətlərinin artırılması istiqamətində bölgələrdə çalışan ADU-nun məzunu olan müəllimlərlə silsilə tədbirlər keçiririk. Məzunların karyera imkanlarını təhlil etmək, pedaqoji kadrların bilik və bacarıqlarının artırılması istiqamətində biz onların görüşlərini təşkil edir və bir-birləri ilə fikir və təcrübə mübadilə aparmasını şərait yaradırıq. Fərqi yoxdur, istər cavan, istər yaşlı müəllim. Artıq bütün regionları əhatə edən üç belə görüş təşkil etmişik. Bu görüşlərin təşkilində əsas məqsəd nədir. Faktiki olaraq, heç bir universitet öz lazım bildiyi biliyin yüz faizini tələbəyə ötürə bilmir. Proqram çətinliyi, vaxt azlığı və s. səbəblərdən. Ona görə də biz çalışırıq öyrənək ki, bölgələrdə fəaliyyət göstərən məktəblərdə dərs deyən ADU-nun məzunu olan müəllimlərin istiqamətləri üzrə nəyə ehtiyacları var. Bizim proqram üzrə öyrətdiyimiz fənlərin hansında bunlar zəiflik hiss edirlər. Biz onların iştirakı ilə dəyirmi masalar, seminar keçirməklə bu  çətinliklərinin aradan qaldırılması istiqamətində işlər aparırıq. Biz çalışırıq ki, bizim müəllim məzunlarımız tədris prosesini yüksək səviyyədə yerinə yetirsinlər.

- Son olaraq, ADU-nun gələcək inkişafını necə görürsünüz və qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir?

- Azərbaycan Dillər Universiteti gələcəkdə təhsil keyfiyyətinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində inkişaf etməyi hədəfləyir. Universitetin strateji planlarında müəllimlərin peşəkar inkişafının artırılması, universitetdə elmi fəaliyyətin daha da gücləndirilməsi və müəllimlərin beynəlxalq nüfuzlu jurnallarda məqalələrinin sayının artırılması əsas məqsədlərdəndir. Bundan əlavə, universitet beynəlxalqlaşmanı inkişaf etdirməyi, tələbə və müəllim mübadilə proqramlarını artırmağı, ikili diplom proqramlarını genişləndirməyi planlaşdırır. Bu addımlar universitetin dünya səviyyəsində rəqabət qabiliyyətini artırmağa yönəlib. Rəqəmsallaşma da əsas istiqamətlərdəndir. Tədris prosesində yeni texnologiyaların tətbiqi, elektron idarəetmə sistemlərinin təkmilləşdirilməsi qarşıya qoyulan hədəflərdəndir. Nəticə olaraq, Dillər Universitetinin əsas məqsədi beynəlxalq standartlara cavab verən, innovativ və rəqabətqabiliyyətli ali təhsil müəssisəsinə çevrilməkdir.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
525.az

1Mənbələr