AZ

“Mühüm məsələ isə təhsil sistemində ədalət prinsipinin təmin olunmasıdır” -EMİN ƏMRULLAYEV

Müasir dövrdə aktual problemlərdən biri bəzi sahələrdə mövcud çətinliklərin tam aradan qaldırılmaması, əksinə, zaman keçdikcə müəyyən artım tendensiyasının müşahidə olunması ilə xarakterizə olunur. Bununla belə, qeyd edilməlidir ki, Azərbaycan cəmiyyəti dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə yüksək maraq göstərir və proseslərdə fəal vətəndaş mövqeyi ilə iştirak edir. Bu isə dövlət–cəmiyyət münasibətlərində qarşılıqlı etimadın formalaşdığını göstərən mühüm göstəricilərdən biridir.
SİA xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransında deyib.

Digər mühüm məsələ isə təhsil sistemində ədalət prinsipinin təmin olunmasıdır. Tarixi təhlil göstərir ki, əvvəlki dövrlərdə ali və digər təhsil müəssisələrinə qəbul prosesində mövcud olan subyektiv amillər müstəqillik dövründə aparılan islahatlar nəticəsində aradan qaldırılmış və bu sahədə köklü transformasiya baş vermişdir. Artıq 30 ildən çoxdur ki, qəbul prosesinin şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkili təmin edilir ki, bu da müvafiq dövlət institutlarının ən mühüm nailiyyətlərindən biri kimi dəyərləndirilir.

Formalaşdırılmış bu sistem çərçivəsində milyonlarla vətəndaşın bilik və bacarıqları obyektiv meyarlar əsasında qiymətləndirilmişdir. Vətəndaşların əksəriyyəti məhz bu ədalətli qiymətləndirmə mexanizmləri vasitəsilə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuş, bir qismi isə dövlət qulluğu və digər peşə sahələrində fəaliyyətə başlamışdır. Bu isə insan kapitalının formalaşdırılmasında qiymətləndirmə sisteminin mühüm rolunu bir daha təsdiqləyir.

Ümumilikdə, imtahan və qiymətləndirmə sistemi yalnız informasiya toplanması funksiyasını yerinə yetirmir, eyni zamanda fərdlərin həyat trayektoriyasına birbaşa təsir göstərən mühüm sosial institut kimi çıxış edir. Bu mexanizm cəmiyyətin davamlı inkişafına, sosial ədalətin təmin olunmasına və fərdlərin potensial imkanlarının reallaşdırılmasına xidmət edən strateji əhəmiyyətli alət kimi səciyyələndirilə bilər.

Müəllif: Günay Hacıyeva
Seçilən
1
1
sia.az

2Mənbələr