AZ

KİMLƏR İXTİSARA SALINA BİLMƏZ? Qanunun qoruduğu şəxsləri də işsiz qoyurlar...

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İlin əvvəlindən Azərbaycanda dövlət qurumlarında və iri holdiqnlərdə kütləvi ixtisarlar aparılır. Nazirlik və komitələrdə, icra strukturlarında dövlət qulluğuna daxil olan vəzifələr, ləğv edilir, qurumlar birləşdirilir. Paralel olaraq təsərrüfat hesablı dövlət təşkilatlarında və iri şirkətlərdə də ixtsarlar gedir.

“AzPolitika”ya daxil olan məlumata görə, proses hökumətin mobilləşdirilməsi, çevik idarəçilik sisteminin yaradılması və xərclərin optimallaşdırılması ilə bağlı hökumətin qərarı ilə bağlıdır. Özəl sektor isə ilin əvvəlindən əmək haqlarına tətbiq olunan vergi güzəştlərinin ləğvindən sonra xərclərini azaltmaq üçün işçi heyətinə “əl gəzdirir”.

Media və sosial şəbəkələrdə yayılan xəbərlərdən görünür ki, bu zaman əhalinin həssas qrupuna daxil olan vətəndaşlar da işini itirir. Xüsusən, minimum əmək haqqına çalışanlar, çoxuşaqlı ailə başçıları, himayəsində əlillər olanlar da ixtisara salınır.

Bəs qanun nə deyir, dövlət və özəl sektorda kimlər işdən çıxarıla bilməz?

Əmək Məcəlləsi müəyyən kateqoriyadan olan şəxsləri işdən çıxarılmaqdan qoruyur. Mövcud qanunvericiliyə əsasən, işəgötürən istədiyi işçini ixtisar edə bilməz. Qanun sosial baxımdan həssas qrupları xüsusi müdafiə altına alır və bu, əmək münasibətlərində balansın qorunmasına xidmət edir.

Xüsusi ilə qeyd olunmalıdır ki, hamilə qadınlar və azyaşlı uşağı olan analar xüsusi qoruma altındadır. Hamilə qadınların, eləcə də 3 yaşına qədər uşağı olan qadınların işdən çıxarılması qadağandır. Eyni zamanda uşağını təkbaşına böyüdən valideynlər də bu kateqoriyaya daxildir. Bu şəxslərlə əmək müqaviləsinə yalnız bir halda xitam verilə bilər – müəssisə tam ləğv edildikdə.

Qanun sosial baxımdan həssas ailələri də nəzərə alır. Belə ki, 18 yaşına çatmamış uşağı olan tək valideynlər, əlil uşağı olan valideynlər, eləcə də himayəsində digər asılı şəxslər olan işçilər ixtisar zamanı xüsusi diqqətə alınmalıdır. Onların ixtisara salınması dövlətin sosial siyasətinə də, əmək hüququna da ziddir.

Həqiqi hərbi xidmətdə olan, səfərbərlik və ya hərbi təlimlərə çağırılan şəxslərin də iş yeri qanunla qorunur. İşəgötürən bu şəxsləri işdən çıxara bilməz və onların iş yerləri saxlanılmalıdır.

Müvəqqəti əmək qabiliyyətini itirmiş şəxslər də eyni şəkildə müdafiə olunur. Xəstəlik vərəqəsi ilə işdə olmayan və ya müalicə alan işçilərin bu müddətdə işdən çıxarılması qanunsuz hesab olunur.

Bundan əlavə, məzuniyyətdə olan işçilər də ixtisar edilə bilməz. Buraya illik məzuniyyət, analıq məzuniyyəti və digər sosial məzuniyyət növləri daxildir. İşəgötürən bu dövrdə əmək müqaviləsinə xitam verə bilməz.

Həmkarlar ittifaqı üzvləri ilə bağlı isə əlavə hüquqi mexanizm mövcuddur. Bu şəxslərin işdən çıxarılması üçün mütləq şəkildə həmkarlar ittifaqının razılığı tələb olunur. Bu norma işçilərin kollektiv hüquqlarının qorunmasına xidmət edir.

Seçkili vəzifə tutan şəxslər – məsələn, deputatlar və bələdiyyə üzvləri də fəaliyyət müddətində xüsusi hüquqi müdafiəyə malikdirlər. Onların əmək hüquqları əlavə təminatlarla qorunur.

Bununla yanaşı, qanun ixtisar zamanı müəyyən şəxslərə üstünlük hüququ da verir. Yüksək ixtisaslı və peşəkar işçilər, müharibə veteranları, şəhid ailə üzvləri və müəssisədə uzun müddət çalışan şəxslər işdə saxlanılmaq baxımından üstün sayılırlar. İşəgötürən seçim edərkən bu amilləri nəzərə almağa borcludur.

Bununla belə, bütün bu qoruyucu mexanizmlərin bir istisnası var. Əgər müəssisə tam ləğv edilərsə, yuxarıda sadalanan kateqoriyalara aid şəxslərlə də əmək müqaviləsinə xitam verilə bilər.

Nəticə etibarilə, Azərbaycan Əmək Məcəlləsi ixtisar prosesini yalnız iqtisadi qərar kimi deyil, eyni zamanda sosial məsuliyyət elementi kimi tənzimləyir. Qanun işəgötürənə müəyyən imkanlar versə də, bu imkanlar ciddi hüquqi çərçivə ilə məhdudlaşdırılıb. Bu isə əmək bazarında sosial ədalətin qorunmasına yönəlmiş mühüm mexanizm kimi çıxış edir. Amma praktikada Əmək Məcəlləsi nə qədər işləkdir, qeyd olunan imtiyazlı kateqoriyalar ixtisarlar zamanı nəzərə alınırmı, bunu demək çətindir. Hazırda bir çox məhkəmələrdə işdən çıxarmalarla bağlı yüzlərlə şikayət var. Sosial şəbəkələrdə etiraz edən vətəndaşların şikayətləri də bəzən qanunvericiliyə əməl olunmamasından xəbər verir.

E.Rüstəmli

“AzPolitka.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
azpolitika.info

1Mənbələr