Torpaq kateqoriyalarının dəyişdirilməsi, xüsusilə meşə fondu torpaqları ilə bağlı məsələlərdə rəyvermə mexanizminin daha da dəqiqləşdirilməsi qərarların daha əsaslı, şəffaf və məsuliyyətli şəkildə qəbuluna imkan verəcək. Eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb olunması imkanlarının genişləndirilməsi bu sahədə dövlət siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin səlahiyyətlərinin konkretləşdirilməsi isə ekoloji qiymətləndirmə prosesinin institusional gücünü artırmaqla yanaşı, təbii sərvətlərin istismarı zamanı ekoloji tarazlığın qorunmasına əlavə təminat yaradır.
Hesab edirəm ki, həyata keçirilən bu dəyişikliklər iqtisadi inkişafla ekoloji təhlükəsizlik arasında balansın daha effektiv qurulmasına, qərarvermə prosesində peşəkarlığın və məsuliyyətin artırılmasına xidmət edir. Bu yanaşma həm təbii sərvətlərimizin səmərəli istifadəsinə, həm də ətraf mühitin qorunmasına yönəlmiş dövlət siyasətinin məntiqi davamı kimi mühüm əhəmiyyət daşıyır".