AZ

Norveç klubunda təcrübə keçən azərbaycanlı məşqçi: Burada bizim klubları, xüsusilə “Qarabağ”ı tanıyırlar

Norveç

Aprel ayının 5-dən Oslo şəhərindəyəm. “Valerenqa” klubunda təcrübə keçirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan “Valerenqa”da birhəftəlik təcrübə proqramında iştirak edən Azərbaycan milli komandasının məşqçisi Elnur Çovdarov deyib.

O, Norveçdə futbolun çox sevildiyini bildirib: “Valerenqa” ölkənin ən aparıcı və köklü klublarından biridir. Şəhərin təxminən 500 000 min əhalisi var. Aprelin 6-da “Vikinq”lə keçirilən görüşü stadiondan canlı izlədim. Arenadakı atmosfer möhtəşəm idi. Oyun günləri şəhər tamamilə fərqli olur”.

Mütəxəssis Norveçə səfərinin əsas komandada təcrübə keçməklə bağlı olduğunu söyləyib: “Pro lisenziyası üçün akademiya və əsas komandada təcrübə keçmək tələb olunur. Mən akademiya təcrübəmi ötən il İspaniyanın “Real Betis” klubunda keçdiyim üçün bu dəfə A komandadayam. Ona görə də “Valerenqa”nın akademiyası ilə bağlı geniş məlumatım yoxdur”.

E.Çovdarov “Valerenqa” komandasının üzvlərinin Azərbaycan futbolu barədə məlumatlı olduğunu deyib: “Bununla bağlı onlarla söhbətim oldu. Burada bizim klubları, xüsusilə “Qarabağ”ı tanıyırlar. Ağdam klubunun avrokuboklardakı uğurlu çıxışını izləyiblər. İnfrasraktura gəlincə, məsələn, “Valerenqa”nı “Qarabağ”la müqayisə etsək, vəziyyət, demək olar ki, eynidir”.

Seçilən
3
1
xalqcebhesi.az

2Mənbələr