Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentdə maraqlı təkliflə çıxış edib.
“Cebheinfo.az” xəbər verir ki, deputat qanun layihələrinin icrasına nəzarət mexanizmi ilə bağlı aidiyyəti üzrə komitə və komissiyaların iştirakının təşkil olunmasını təklif edib.
“Süni intellektlə bağlı qanuna edilən dəyişikliklərlə bağlı mövqeyimi və təkliflərimi birinci oxunuşda açıq və geniş şəkildə bildirmişəm, həmçinin hörmətli Əli müəllim Hüseynli ilə bu məsələ ətrafında fikir mübadiləmiz olub.
Layihənin vacibliyini və aktuallığını nəzərə alaraq ona müsbət səs verirəm. Bununla yanaşı, bir mühüm təklifimi diqqətinizə çatdırmaq istəyirəm.
Xahiş edirəm, Parlamentdə aidiyyəti şöbəyə və ya müvafiq komissiyalardan birinə göstəriş verilsin ki, qanunun tətbiqindən sonra bu sahədə davamlı və sistemli monitorinq aparılsın.
Qanunun icrası prosesində ortaya çıxan boşluqlar, açıq qalan məqamlar vaxtında müəyyən edilərək çevik şəkildə qanunvericilik səviyyəsində aradan qaldırılsın.
Çünki əsas məqsədimiz yalnız tənzimləmə və məhdudiyyət deyil. Elə etməliyik ki, bu qanun süni intellektin inkişafına mane olmasın, əksinə onun yaradıcı və innovativ sahələrdə tətbiqini stimullaşdırsın”, - deyə R.Nurullayev qeyd edib.
Razi Nurullayevin təklifinə spiker Sahibə Qafarova da dəstək verib, bu istiqamətdə işin artıq getdiyini vurğulayıb.