AZ

İnzibati Xətalar Məcəlləsində geniş dəyişikliklər ikinci oxunuşda qəbul edilib

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, layihə parlamentin iclasında ikinci oxunuşda qəbul olunub.

Qərara əsasən, Məcəllədə bir sıra maddələrdə redaktə xarakterli və yeni hüquqi mexanizmlərin tətbiqi ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Buraya inzibati icraatın rəqəmsallaşdırılması, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminin tətbiqi, eləcə də sənədlərin elektron kabinet vasitəsilə rəsmi qaydada təqdim olunması kimi yeniliklər daxildir.

Eyni zamanda Məcəlləyə süni intellekt texnologiyaları ilə hazırlanmış materialların nişanlanmadan yayılmasına görə məsuliyyət, uşaqlara qarşı zorakılıq və laqeydliyin qarşısının alınması ilə bağlı yeni inzibati xətalar, eləcə də dilənçilik, uşağa qarşı cismani cəza və xüsusi icra məmurları ilə bağlı yeni müddəalar əlavə edilib.

Dəyişikliklərdə həmçinin bir sıra maddələrin ləğvi, cərimələrin dəqiqləşdirilməsi və inzibati məsuliyyətin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi də öz əksini tapıb.

Sonda qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
12
1
sia.az

2Mənbələr