Bakı, 10 aprel, AZƏRTAC
Cari ilin mart-aprel aylarında müşahidə olunan güclü və intensiv yağıntılar nəticəsində həm transsərhəd, həm də ölkədaxili çaylarda suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Ölkə ərazisində 60-dan artıq sel və daşqın təhlükəli çay mövcuddur və bu cür hidrometeoroloji hadisələr əsasən yaz-yay aylarında daha çox müşahidə olunur.
Bu il yağıntıların intensivliyi əvvəlki illərlə müqayisədə daha yüksək olub. Əvvəlki illərdə yay aylarından başlayaraq payızın ortalarınadək davam edən yüksək temperatur və əsasən yağıntısız hava şəraiti su ehtiyatlarının azalmasına səbəb olurdu. Payız və qış aylarında isə daha çox zəif intensivlikli yağış və qar yağıntıları müşahidə edilirdi. Lakin son dövrlərdə iqlim dəyişmələri ilə əlaqədar yağıntıların xarakterində də dəyişiklik qeydə alınır. Qısa müddət ərzində yağan intensiv yağışlar torpağın suyu mənimsəməsinə imkan vermədən səth axınlarını artırır, nəticədə sel və daşqın hadisələrinin baş verməsinə səbəb olur. Bu isə bəzi ərazilərdə infrastruktur obyektlərinə ziyan vurmaqla yanaşı, əkin sahələri üçün də müəyyən risklər yaradır.
Bununla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Fuad Nəsirov bildirib ki, Agentlik mövcud vəziyyəti nəzərə alaraq, sel və daşqınlara qarşı qabaqlayıcı və operativ tədbirlər həyata keçirir. Bu tədbirlərə çay məcralarının təmizlənməsi, məcraların nizamlanması, sahilbərkitmə işləri və riskli ərazilərdə monitorinqlərin gücləndirilməsi daxildir. Məqsəd mümkün zərərlərin minimuma endirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunmasıdır.
“Eyni zamanda, yağıntıların müsbət təsirlərini də xüsusi qeyd etmək lazımdır. Ən başlıcası, su anbarlarında toplanan su ehtiyatlarının əhəmiyyətli dərəcədə artmasıdır. Hazırda respublikanın əsas su anbarlarında, ümumilikdə, 18 milyard 319 milyon kubmetr su ehtiyatı mövcuddur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 302 milyon kubmetr çoxdur. Əsas su anbarlarına suyun yığılması “Azərenerji” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılaraq Su Komissiyasında təsdiq edilmiş qaydada həyata keçirilir”, - deyə Fuad Nəsirov qeyd edib.
Onun sözlərinə görə, su ehtiyatlarının artımı kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, suvarma mövsümündə əkin sahələrinin su ilə təminatında ciddi problemlərin yaranması gözlənilmir. Eyni zamanda, əhalinin içməli su ilə təminatında da sabitliyin qorunacağı proqnozlaşdırılır.