AZ

Nazir müavini: Azərbaycanda iqlimə davamlı şəhər və icmaların yaradılması istiqamətində tədbirlər planlaşdırılır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan–BMT əməkdaşlığı iqlim və dayanıqlı inkişaf sahəsində yeni mərhələyə yüksəlir.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığı iqlim dəyişmələri, dayanıqlı inkişaf və “yaşıl keçid” istiqamətində yeni mərhələyə qədəm qoyur.

“İş planında nəzərdə tutulan fəaliyyətlər ölkəmizin müvafiq sahələr üzrə həyata keçirdiyi dövlət siyasəti və qəbul olunmuş strateji sənədlərlə tam uzlaşır. Bu çərçivədə aidiyyəti dövlət orqanları ilə BMT-nin ixtisaslaşmış qurumları arasında səmərəli əməkdaşlıq mexanizmləri formalaşdırılıb. Hazırda nazirliklər tərəfindən BMT qurumlarının dəstəyi ilə icrası planlaşdırılan bir sıra layihələr iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Umayra Tağıyeva qeyd edib.

Nazir müavini bildirib ki, iqlim dəyişmələri insan fəaliyyətinin bütün sahələrinə təsir göstərən qlobal çağırış kimi çıxış edir. “Bu baxımdan Azərbaycanda aşağı karbonlu inkişaf strategiyası layihəsi hazırlanıb və hazırda dövlət daxili prosedur mərhələsindədir. Sənədin icrası zamanı BMT-nin müvafiq strukturları ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Yaşıl İqlim Fondunun maliyyə dəstəyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) iştirakı ilə Azərbaycanda iqlim məlumatlarının toplanması və təhlili, eləcə də təhlükəli iqlim hadisələri üzrə erkən xəbərdarlıq sisteminin gücləndirilməsi istiqamətində layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, BMT-nin müvafiq proqramı çərçivəsində ölkədə iqlimə davamlı şəhər və icmaların yaradılması istiqamətində tədbirlər planlaşdırılır. Yaşıl İqlim Fondunun maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən kənd təsərrüfatında istixana qazlarının azaldılması, dəniz resurslarından səmərəli istifadə, iqlimə davamlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, eləcə də ərzaq itkisi və tullantılarının azaldılması istiqamətində layihələrin icrası nəzərdə tutulur. Həmin layihə hazırda dövlət daxili prosedur mərhələsindədir", - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azertag.az

1Mənbələr