AZ

Pezeşkian yenidən prezident ola biləcəkmi? – KRİTİK dönəm

İranda prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Lakin İran prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölməsi ilə növbədənkənar prezident seçkiləri təyin olundu. Seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirilib, birinci turda heç bir namizəd səs çoxluğu qazana bilmədiyi üçün 5 iyul 2024 tarixində ən çox səs almış Məsud Pezeşkian və Səid Cəlili arasında seçkilərin ikinci turu baş tutub. Seçkilərdə Məsud Pezeşkian qalib gəlib. O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlayıb.

İslahatçı lider kimi təqdim olunan azərbaycanlı İran prezidenti geridə qalan 2 ildə gərgin bir siyasi həyat yaşayıb. Bu müddətdə İran 12 və 38 günlük müharibələr yaşayıb. Ancaq hadisələrdən Pezeşkian üzüağ çıxmağı bacarıb.

Bəs növbəti dəfə onun prezident seçilməsi mümkündürmü? Özü bunu istəyərmi? Nəzərə alaq ki, bu dəfə seçkilər fərqli reallıqda keçiriləcək. Çünki ali rəhbər öldürülüb və oğlu onun yerinə gətirilib...

 CROSSMEDIA

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, İranda prezident seçkilərinə xeyli vaxt qalır:

“Bu müddət ərzində İranda çox şeylər baş verə bilər. Pezeşkianın növbəti seçkilərdə iştirak edib-etməyəcəyi barədə indiyə qədər özü tərəfindən hər hansı bir fikir ifadə olunmayıb. 2024-cü ildə keçirilən seçkilərdə Pezeşkianın qələbəsini şərtləndirən xeyli məqamların olduğunu diqqətə almaq lazımdır. Onun hakimiyyətə gəldiyi dövr İran üçün kifayət qədər mürəkkəb dövr hesab olunur. 2023-cü oktyabrından HƏMAS və İsrail arasında başlanan savaş İranın bölgədəki proksi qüvvələrinə ciddi zərər vurdu. Bundan başqa, Pezeşkianın hakimiyyətə gəlməsindən sonrakı dövrdə İran Suriyadakı təsir imkanlarını ciddi şəkildə itirdi, Əsəd rejimi devrildi. Pezeşkianın iki ilə yaxındır davam edən hakimiyyət dövrü çox böyük təlatümlü zamana təsadüf etdi və təlatümlü dövr davam edir. Bu dövrdə, xüsusilə həm keçənilki 12 günlük müharibədə, həm də bu il 38 günlük müharibədə Pezeşkian özünü kifayət qədər müsbət tərəfdən göstərə bildi”.

Onun sözlərinə görə, həm qonşularla münasibətlərdə normallaşma üçün səyləri, həm də müharibə dönəmində qonşularla münasibətləri normalaşdırmaq cəhdləri, ölkənin daxilindəki problemləri etiraf etməsi, yanvardakı etiraz aksiyaları zamanı etirazçıların nümayəndələri ilə görüşməsi, yaranmış problemlərin həlli ilə bağlı addımlar atmaq istiqamətində səylər göstərməsi onun uğurlarından sayıla bilər:

“Yəni Pezeşkian İranda hakimiyyətdə olmuş prezidentlər arasında xalqla sıx ünsiyyəti olan bəlkə də yeganə lider sayıla bilər. Bu da ona xalq arasında etimadı artırır və seçkidə iştirak edəcəyi halda yüksək səs qazanmasını real edir”.

Oqtay

Politoloq hesab edir ki, növbəti seçkilərdə Pezeşkianın namizədliyini verib-verməyəcəyi həm onun özünün qərarından asılıdır:

“Digər tərəfdən onun seçkilərdə namizəd kimi iştirak edib-etməməsi İranın Ekspertlər Şurasının qərarından da asılıdır. Pezeşkianın seçkilərə buraxılması ali dini liderin iradəsindən asılı olacaq. Böyük ölçüdə onun həm yaşı baxımından, həm də digər səbəblər üzündən növbəti prezident seçkilərində iştirak etməyəcəyini düşünürüəm”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
31
4
musavat.com

5Mənbələr