AZ

“Açıb tarixi mənbələrə baxsın, ağzına gələni danışmasın” - Hacı Qalibdən Cahandar Bayoğluna sərt cavab  

“Bakı qoçuları haqqında danışanda bəziləri ağzına gələni danışır. Guya Bakı qoçuları 1918-ci ildə baş verən Bakı qırğınları zamanı qaçıb. Mənim bu adamlara bir sözüm var – gedin tarixi oxuyun, ağlınıza gələni danışmayın”.

Bu sözləri Musavat.com-a keçmiş deputat Hacı Qalib Salahzadə deyib. Bildirib ki, tarixə baxanda görünür ki, 1918-ci ildə erməni-daşnak silahlı dəstələrinə qarşı Bakının ilk müqavimət göstərən qüvvələri məhz elə Bakı qoçuları olub.

Keçmiş deputatın sözlərinə görə, Bakı qoçuları haqqında danışarkən yalnız küçə davalarını və ya kriminal epizodları xatırlamaq tarixə qarşı haqsızlıqdır: “Çünki 1918-ci ilin mart qırğınları zamanı Bakıda müsəlman əhalinin müdafiəsini təşkil edən əsas qüvvələrdən biri də məhz Bakı qoçuları olub. Bunu mən özümdən demirəm ki, açıb tarixi mənbələrə baxsın, ağızına gələni danışmasın”.

Hacı Qalib Salahzadə bildirir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı sürətlə böyüyən sənaye şəhərinə çevrilmişdi və bu mühitdə yeni sosial təbəqə yaranmışdı:

“Qoçu deyilən adamlar, əslində, əvvəlcə neft milyonçularının və imkanlı şəxslərin mühafizəçiləri idi. Onlar fiziki cəhətdən güclü, silahla davranmağı bacaran, məhəllələrdə nüfuz sahibi olan şəxslər idi. Hər məhəllənin öz qoçusu vardı. Amma şəhərə kənardan təhlükə gələndə bu adamlar tez birləşirdi”, – deyə o qeyd edir.

Hacı Qalibin sözlərinə görə, bu dəstələrin əksəriyyəti “mauzer” tapançaları ilə silahlanırdı və Bakı küçələrində nüfuz sahibi idi. Keçmiş deputat xatırladır ki, 1918-ci ilin martında Bakı faktiki olaraq bolşevik və daşnak silahlı qüvvələrinin nəzarətinə keçmişdi.

“Şəhərdə bugünki kimi güclü milli ordu yox idi. Ümumiyyətlə, ordu yox idi. Azərbaycan Xalq Cümhuriyyəti yeni yaranırdı. Bakının müsəlman əhalisi isə faktiki olaraq silahsız idi. Belə vəziyyətdə Bakı və ətraf  kəndlərdən olan qoçular Bakının müdafiəsinə qalxdı”, – deyə Hacı Qalib Salahzadə bildirir. Onun sözlərinə görə, həmin günlərdə bir çox qoçular öz vəsaitləri ilə silah alaraq əhaliyə paylayıb, müdafiə dəstələri yaradırıblar. Tarixi mənbələrdə də 1918-ci il hadisələri ilə bağlı bir neçə qoçunun adı xüsusi çəkilir. Bunlardan biri Maştağalı Qoçu Nəcəfqulu idi. Hacı Qalib Salahzadənin sözlərinə görə, Nəcəfqulu həmin dövrdə öz hesabına silah alaraq Bakının müsəlman məhəllələrində müdafiə dəstələri yaratmışdı. “Onun fəaliyyəti o qədər böyük olmuşdu ki, sonradan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Nəcəfqulunu mükafatlandırılmışdı”, – deyə o qeyd edir. Deyir ki, tarixi mənbələrdə Bakı qoçularından Nəcəfqulu ilə yanaşı Kürdəxanalı Məşədi Adil, Qoçu Əziz, Qoçu Yusif, Ağa Kərim və digərilərinin adları çəkilir. Bu kişilən necə bacarıblarsa, imkanları daxilində türk ordusu gələnə qədər döyüşüblər, yaralanıblar, şəhid olublar. İndi Cahandar Bayoğlu durub bu adamlara dil uzadır. Adama deyərlər ki, Bakı qoçuları cavanlığında sənə nə edib ki, onların haqqında bu qədər aşkar yalan danışırsan? Niyə haqq dünyasında olan qeyrətli kişilərin dalınca hədyanlar danışırsan?”

Hacı Qalib Salahzadə bildirir ki, Bakı qoçuları yalnız şəhər daxilində müdafiə təşkil etməklə kifayətlənmirdi. “Qafqaz İslam Ordusu Bakıya doğru irəliləyəndə şəhərdəki yerli dəstələr türk ordusuna əllərindən gələn köməyi əsirgəmirdilər. Düşmənin mövqeləri, silahlanması barədə xəbərlər çatdırılırdı”, – deyə o qeyd edir. Onun sözlərinə görə, bu məlumatlar Bakının azad olunması əməliyyatında mühüm rol oynamışdı.

“Biz haqlı olaraq Nuru Paşanın və Qafqaz İslam Ordusunun Bakını azad etməsini böyük tarixi hadisə kimi qeyd edirik. Amma şəhərdə ilk müqavimət göstərənlərin kim olduğunu da unutmaq olmaz. Hamı bilir ki, Bakı qoçuları var gücləri ilə erməni-daşnak qüvvələrinə qarşı müqavimət göstəriblər”, - deyə Hacı Qalib Salahzadə bildirir.

 

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr