AZ

Bakının mərkəzində bu bu ərazilər piyadalaşdırılacaq EKSPERT FOTO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtda piyada infrastrukturunun inkişafı ilə bağlı mühüm planlar açıqlanıb. 

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev paytaxtda 2027-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulan layihənin detalları barədə məlumat verib.

Ekspertin sözlərinə görə, şəhərin mərkəzi hissəsində, xüsusilə İçərişəhər və ətraf ərazilərdə piyada infrastrukturunun genişləndirilməsi planlaşdırılır. Müvafiq qərarlar qəbul edildikdən sonra mərkəzi küçələrdə sürət həddinin 50 km/saat müəyyən edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, piyada zonasının cənuba doğru genişləndirilməsi, o cümlədən Dənizkənarı Bulvar istiqamətində uzadılması planlaşdırılır. Bununla yanaşı, İçərişəhər ətrafında, Neftçilər prospektinin şimalı və Bülbül prospektinin qərbi hissəsində yerləşən tarixi ərazilərin avtomobilsiz “sakit zona”ya çevrilməsi nəzərdə tutulur. Bu zonada nəqliyyatın hərəkəti əsas küçələr vasitəsilə yönləndiriləcək.

Eyni zamanda, piyada zonasının Dənizkənarı Bulvar ilə inteqrasiyası və Fəvvarələr meydanı ilə İçərişəhər arasında avtomobilsiz sahənin yaradılması planlaşdırılır.

Layihə çərçivəsində yaxın ərazilərdə yerləşən küçələrin “sakit küçə” formatına keçirilməsi də nəzərdə tutulur. Bu dəyişikliklər nəticəsində Nizami küçəsi kimi məkanların piyada zonaları ilə əlaqəsi daha da gücləndiriləcək.

Bildirilib ki, yerli küçələrdə sürət həddi 30 km/saat olacaq və bu, piyadaların təhlükəsizliyinin artırılmasına xidmət edəcək. Magistral küçələrdə isə əlavə piyada keçidləri yaradılacaq, mövcud keçidlər isə optimallaşdırılacaq.

Planlara əsasən, 2027-ci ilə qədər paytaxtda: 5,9 km uzunluğunda avtomobilsiz küçə yaradılacaq, 7,4 km küçə 30 km/saat rejiminə keçiriləcək, piyada keçidlərinin sayı 149-dan 178-ə çatdırılacaq.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edib ki, həyata keçiriləcək bu dəyişikliklər nəticəsində şəhər mərkəzində piyada hərəkəti daha təhlükəsiz, rahat və fasiləsiz hala gətiriləcək.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr