AZ

Prokurorluğa məxsus nəqliyyat vasitələrinin operativ kateqoriyaya daxil edilməsi I oxunuşda qəbul edilib

Milli Məclis prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələrinin operativ kateqoriyaya daxil edilməsini ilk oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək.

Sənəddə vurğulanıb ki, dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.

Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.

Qeyd olunub ki, dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Seçilən
22
13
far.az

10Mənbələr