AZ

“Dünyadakı proseslər MDB-nin gələcəyini sual altına alır” - Partiya sədri

Postsovet məkanında uzun illər siyasi, iqtisadi və humanitar əməkdaşlıq platforması kimi təqdim olunan Müstəqil Dövlətlər Birliyi(MDB) artıq yeni sınaq mərhələsinə daxil olub. Son olaraq, Moldovanın bu qurumdan çıxmaq qərarı təkcə bir ölkənin geosiyasi seçimi deyil, həm də bütövlükdə təşkilatın gələcəyi ilə bağlı ciddi suallar doğurur. Prezident Maya Sandunun imzaladığı fərmanla MDB-nin əsas sənədlərindən imtina edilməsi postsovet inteqrasiyası modelinin sarsıldığını göstərən növbəti siqnal kimi qəbul olunur.

Bu proses indiki mərhələdə Moldova ilə məhdudlaşacaq, yoxsa domino effekti yaradacaq?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a dedi ki, yeni dünya nizamının formalaşma prosesinin getdiyi bir vaxtda çox böyük dəyişikliklər gözlənilir:

“Artıq bir sıra beynəlxalq və regional təşkilatlar öz missiyalarını yerinə yetirə bilmirlər. Yenilənmə zəruri bir prosesə çevrilib. Müstəqil Dövlətlər Birliyi keçmiş sosialist respublikalarının bir hissəsini birləşdirən siyasi qurumdur. Təsir gücü zəiflədikcə onun sıralarını tərk edənlərin sayının artması təbiidir. Faktiki olaraq MDB üzv dövlətlər üçün ciddi bir üstünlük yaratmır. Bəzən üzvlərə qarşı basqılar, avtoritar idarəçilik etibarsızlıq mühitini genişləndirir. Avropa Birliyinin daha dinamik olması, beynəlxalq siyasətdə əsas aktor kimi iştirakı ona simpatiyanı artırır. Bütün bunlara görə Moldovanın MDB-dən çıxması başa düşüləndir. Bu ölkə öz gələcəyini MDB-də deyil, Qərbdə görür. Nəzərə almaq lazımdır ki, MDB-nin siyasi passivliyi, eyni zamanda iqtisadi və humanitar geriləməsinə də səbəb olur. Təkcə Moldovanın çıxması deyil, dünya siyasi müstəvisində gedən proseslər MDB-nin gələcəyini sual altına alır. Moldovanın bu addımı domino effekti yaratmasa da, MDB ücün yaxşı olmayan president formalaşdırır. Müşahidələr göstərir ki, bəzi üzv dövlətlər MDB çərçivəsindəki fəaliyyətləri ilə yanaşı alternativ regional təşkilatlara da inteqrasiya etməyə çalışırlar. Moldovanın Avropa İttifaqına inteqrasiyası reallaşdırmaq ərəfəsində olduğundan belə bir qərar qəbul edib. MDB məkanında hələ ki, belə vəziyyətə malik 2-ci ölkə yoxdur. Lakin Ermənistanın indiki rəhbərliyinin Qərbpərəst siyasəti onun yaxın gələcəkdə belə addım ata biləcəyini istisna etmir”.

Partiya sədri onunda qeyd etdi ki, hazırda gedən proseslər yeni regional güc mərkəzlərinin də yaranmasına gətirib çıxaracaq:

“Bu da mövcud güc mərkəzlərinin dəyişməsinə səbəb olacaq. Ona görə də bəzi təşkilatları üzv dövlətlərin tərk etməsinə ehtiyac qalmaya da bilər. Onlar tədricən formal bir birliyə çevriləcək v bütün təsir imkanlarını itirəcəklər”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr