AZ

Anar Quliyev inşaatçıları təbrik edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 10 Aprel – İnşaatçılar Günü münasibətilə inşaatçılara təbrik ünvanlayıb.

Əziz və dəyərli inşaatçılar!

Azərbaycanda quruculuq və inkişafın simvoluna çevrilmiş 10 Aprel – İnşaatçılar Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Peşə bayramınız olan bu əlamətdar tarix ölkəmizin müasir memarlıq simasının formalaşmasında inşaatçıların əvəzsiz rolunu xatırladır, sizin peşəkar və fədakar əməyinizi diqqət mərkəzinə gətirir. “Şəhərsalma və Memarlıq İli”ndə qeyd etdiyimiz bu bayram isə onun əhəmiyyətini daha da artırır, inşaatçıların fəaliyyətinə dövlətin yüksək diqqətini və bu sahənin strateji önəmini xüsusi vurğulayır.

Bu gün Azərbaycan hərtərəfli tərəqqi yolunda inamla irəliləyən, dinamik inkişafı ilə regionda lider mövqeyini möhkəmləndirən və beynəlxalq miqyasda böyük nüfuz qazanan ölkələr sırasındadır.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində digər sahələr kimi, tikinti sektoru da keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, bu istiqamətdə innovativ texnologiyaların və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi genişlənmişdir.

Son illərdə ölkənin bütün bölgələrində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, müasir şəhərsalma prinsiplərinə və zəngin memarlıq ənənələrimizə uyğun inşa edilən yaşayış kompleksləri, funksional zonalaşdırma və dayanıqlı məkan planlaşdırılması əsasında icra olunan infrastruktur layihələri Azərbaycanın davamlı inkişaf modelinin parlaq təcəssümüdür. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə icra edilən kompleks bərpa və yenidənqurma layihələri, müasir standartlara uyğun inteqrasiya olunmuş məkan planlaşdırılması, rəqəmsal həllərin və innovativ idarəetmə yanaşmalarının genişləndirilməsi regionun balanslı və sürətli dirçəlişini təmin edən əsas amillərdəndir.

Bu nəhəng quruculuq prosesində inşaatçıların rolu əvəzsizdir. Siz çətin iqlim və mürəkkəb relyef şəraitində belə yüksək peşəkarlıq nümayiş etdirərək, şəhər, qəsəbə və kəndlərdə planlaşdırılmış urbanistik strukturun, infrastruktur şəbəkələrinin və yaşayış zonalarının səmərəli formalaşdırılmasına, ölkəmizin hər bir guşəsində dayanıqlı şəhərsalma inkişafının təmin olunmasına layiqli töhfələr verirsiniz. Gərgin və məsuliyyətli əməyiniz sayəsində həyata keçirilən layihələr dövlətimizin gücünü, xalqımızın yaradıcı potensialını və parlaq gələcəyə inamını əks etdirir.

Bu gün Azərbaycanın şəhərsalma sahəsində qazandığı uğurlar beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. Ölkəmizin qlobal təşəbbüslərdə fəal iştirakı, qabaqcıl şəhərsalma üzrə təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın genişlənməsi bunun əyani sübutudur. Cari ilin may ayında paytaxt Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası da Azərbaycanın bu sahədə artan nüfuzunun, əldə olunan nailiyyətlərin və formalaşmış təcrübənin beynəlxalq səviyyədə tanınmasının məntiqi nəticəsidir.

Hörmətli həmkarlar!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş bu əhəmiyyətli peşə bayramı ölkə rəhbərliyinin əməyinizə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Sizin əməyiniz şəhərlərimizi canlandırır, onların memarlığını zənginləşdirir və xalqımızın rifahının yüksəlməsində müstəsna rol oynayır. Bu şərəfli peşənin daşıyıcıları olaraq hər zaman yüksək hörmət və ehtirama layiqsiniz.

Əminəm ki, bundan sonra da Vətənimizin çiçəklənməsi naminə əzmlə çalışacaq, müasir şəhərsalma ənənələrinin inkişafında səylərinizi daha da gücləndirəcəksiniz.

Peşə bayramınız münasibətilə bir daha hər birinizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, tükənməz enerji və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

 

Seçilən
22
2
konkret.az

3Mənbələr