AZ

“Belə çıxır ki, fəhlə narkotik qəbul edə bilər, gömrük və digəri yox...”

“Azərbaycanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi üçün cəmi bir dispanser fəaliyyət göstərir. Statistika ilə verilən saya baxsaq, orada illərlə növbəyə durasan ki, sağalasan və daha sonra isə reabilitasiya mərkəzinə getməlisən ki, orada da vəziyyət eynidir. Çox az sayda insanı əhatə edə bilir”.

Musavat.com bildirir ki, bunu Milli Məclisin iclasında, Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, qanunu daha da gücləndirmək lazımdır:

“Hər gün xəbərlərdə müxtəlif miqdarda narkotik vasitələrin aşkar edilməsi ilə bağlı məlumatlar verilir. Təbii ki, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi iş aparır. Bununla yanaşı, onun mənbəyinin müəyyənləşdirilib birbaşa mənbəyinin kəsilməsi məqsədəuyğun olardı. Mənbə kəsilmədən onun qarşısını almaq qeyri-mümkün olacaq”.

Siyavuş Novruzov deyib ki, Azərbaycanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi üçün cəmi bir dispanser fəaliyyət göstərir:

“Statistik rəqəmlərə nəzər saldıqda isə aydın olur ki, bu müəssisədə müalicə almaq üçün insanlar növbəyə dayanmalı olur. Daha sonra isə reabilitasiya mərhələsinə keçid üçün yenidən gözləməli olurlar.
Reabilitasiya mərkəzlərinin sayı da məhduddur və onlar çox az sayda insanı əhatə edə bilir. Yəni mövcud sistem bu sahədəki tələbatı qarşılaya bilmir".

Deputatın fikrincə, gələcəkdə bu sahədə müəyyən islahatlar aparılmalıdır:

“Məsələn, onkoloji xəstəliklərin müalicəsində olduğu kimi, müəyyən səlahiyyətlərin lisenziya əsasında özəl tibb müəssisələrinə verilməsi mümkündür. Eyni yanaşma narkotik asılılığından müalicə və reabilitasiya proseslərinə də tətbiq oluna bilər. Bu xidmətlərin özəl və regional xəstəxanalara, hospitallara həvalə olunması daha effektiv nəticə verə bilər”.

Siyavuş Novruzovun sözlərinə görə, digər mühüm məsələ narkotiklərin yayılmasının qarşısının alınmasıdır:

“Birinci oxunuşda biz məsələyə konseptual yanaşmalıyıq və qanunvericiliyi daha da gücləndirməliyik. Demək olar ki, hər gün xəbərlərdə müxtəlif miqdarda narkotik vasitələrin aşkar edilməsi ilə bağlı məlumatlar verilir. Müxtəlif yerlərdə 10 kiloqram, 20 kiloqram, hətta yüzlərlə kiloqram narkotik maddə tutulur və məhv edilir. Əksər hallarda isə mənbə kimi xarici vətəndaşlar göstərilir. Hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyət göstərsə də, hesab edirəm ki, əsas diqqət mənbənin kəsilməsinə yönəldilməlidir. Mənbə aradan qaldırılmadan bu problemin tam həlli mümkün deyil və bu hallar müxtəlif sahələrə də sirayət edə bilər”.

Deputat qanunvericiliklə bağlı məsələyə də toxunub:

“Qeyd olundu ki, peşə və vəzifəyə görə yanaşma tətbiq edilir. Lakin mən hesab edirəm ki, narkotik asılılığı olan şəxsin peşəsi və ya vəzifəsi fərq etməməlidir. Belə çıxır ki, fəhlə narkotik qəbul edə bilər, gömrük və digəri yox. Yəni istər gömrük əməkdaşı olsun, istər polis, istər müəllim, istərsə də fəhlə fərq etməz. Narkotik asılılığı olan hər bir şəxsə eyni yanaşma tətbiq olunmalı və onun müalicəsi və reabilitasiyası üçün zəruri tədbirlər görülməlidir.
Bu proses işlədiyi müəssisədən və ya təşkilatdan asılı olmamalıdır - istər dövlət, istərsə də özəl sektor olsun, hər kəs üçün bərabər mexanizmlər tətbiq edilməlidir”.

E.Paşasoy,
Musavat.com

Seçilən
12
3
musavat.com

4Mənbələr