AZ

“Sentyabradək çox çətin olacaq” - Zelenskidən xəbərdarlıq

Ukrayna müharibəsində yeni və daha mürəkkəb bir mərhələyə qədəm qoyulur. Prezident Volodimir Zelenskinin son açıqlamaları bunu deməyə əsas verir.

Sitat: “Ukrayna sentyabr ayına qədər cəbhədə Rusiyanın, danışıqlarda isə ABŞ-ın ağır təzyiq dövrünə girir. Avqust ayında ABŞ danışıqlardan çıxa bilər. Əgər Rusiya gərginlik yolunu seçərsə, mən hesab edirəm ki, üçtərəfli görüş keçiriləcək. Və onlar bunu aprel, may və ya iyun aylarında keçirməyə çalışacaqlar. Düşünürəm ki, bunlar onlar üçün əsas aylardır. Və düşünürəm ki, sentyabr ayına qədər bizim üçün çox çətin olacaq. Bu yaz-yay dövrü həm siyasi, həm də diplomatik baxımdan çətin olacaq. Ukraynaya təzyiq ola bilər. Bu, döyüş meydanında da olacaq”.

Bu açıqlamalar göstərir ki, qarşıdakı aylar təkcə cəbhə xəttində deyil, diplomatik masada da ciddi sınaqlarla yadda qala bilər. Bir tərəfdən Rusiya ordusunun artan hərbi təzyiqi, digər tərəfdən isə ABŞ-ın danışıqlardakı mövqeyi Kiyevi ikiqat sıxışdırılmış vəziyyətə salır. Xüsusilə Vaşinqtonun avqust ayında danışıqlardan çəkilə biləcəyi ehtimalı prosesin taleyini daha da qeyri-müəyyən edir.

Ukrayna eyni vaxtda həm cəbhədə, həm də diplomatik müstəvidə bu təzyiqlərə davam gətirə biləcəkmi? Ən nəhayət, bu savaş sona yaxınlaşır?


Picture

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında şimal qonşumuzun hazırda əlinin bir qədər gücləndiyini diqqətə çatdırdı:

“ABŞ-İsrail-İran müharibəsi şiddətinə, coğrafiyasının böyüklüyünə görə Rusiya-Ukrayna müharibəsini arxa plana atmışdı. Ancaq Rusiya-Ukrayna müharibəsi də əvvəlki templə, müəyyən mənada Rusiyanın təzyiqini bir qədər artıraraq davam edirdi. ABŞ-İran müharibəsi Kremlin əlini bir qədər də gücləndirdi. Faktiki olaraq Avropa ilə ABŞ arasında qopmalara, streteji olaraq fərqli yanaşmlara gətirib çıxardı. Əslində İran ətrafında baş verən müharibədən əvvəl də Avropa ilə ABŞ arasında müəyyən gərginlik yaranmışdı. Sadəcə, bu müharibə gərginliyi bir qədər də dərinləşdirdi. Xüsusilə Avropa ölkələrinin bir çoxu açıq şəkildə bəyan etdi ki, Yaxın Şərqdə baş verən müharibə onların müharibəsi deyil. ABŞ də bəyan edir ki, Ukrayna müharibəsi də onların müharibəsi deyil. Bundan əlavə NATO-nun Yaxın Şərqdəki müharibəyə qoşulmaması da Rusiyanın işinə yaradı. Düzdür, Ukrayna tərəfi Yaxın Şərqdəki prosesə qoşularaq müəyyən dividentlər götürmək istəyirdi. Ancaq Zelenski bunda da uğursuz oldu. Ən azı Tramp bir neçə dəfə bildirdi ki, bizim ən son kömək istəyəcəyimiz ölkə Ukraynadır”.

Hərbi ekspert Ukraynanın mövcud durumundan da söz açdı:

“Hazırda real vəziyyət ondan ibarətdir ki, Ukrayna bu günə qədər düzdür, sahədə özü döyüşsə də, ancaq maddi və silah-sursat baxımından Qərbdən, ABŞ-dən asılı idi. İran ətrafında baş verən müharibə həm də onu göstərdi ki, Rusiya Ukraynada apardığı müharibə ilə yanaşı paralel olaraq Yaxın Şərqdəki müharibədə də Çinlə bərabər İranın yanında iştirak etdi. Yəni, Rusiya tükənməyib. Hörmüz boğazının bağlanmasından sonra Avropa ölkələrindən artan qiymətlər də bəzi Qərb ölkələrini ciddi narahat etməklə yanaşı, Rusiya ilə yenidən neft və qaz sahəsində anlaşmaya gedə biləcəklərinin işartılarını göstərdi. Bu yöndə ən azı bir neçə Avropa ölkəsinin bəyanatları oldu. Bütün bunlara baxdıqda, Ukraynanın vəziyyəti ürəkaçan deyil. Düzdür, Ukrayna yenə döyüşəcək, ancaq Rusiya təzyiqi bir qədər də artırsa və ABŞ prosesdən yaxasını tamamilə kənar tutsa, bu döyüşmək heç bir nəticə verməyəcək. Reallıq ondan ibarətdir ki, Avropa ölkələri də Ukraynanı xərcliyə bilərlər. Bütün kəşfiyyat məlumatları da onu göstərir ki, Rusiya yaxın zamanda Ukrayna cəbhəsində təzyiqi bir qədər də artıracaq. Belə olacağı təqdirdə danışıqlar masasında da Rusiyanın əli güclü olacaq. ABŞ-İsrail-İran müharibəsi göstərdi ki, müharibəni insan ölümünə, insan faktoruna görə yox, xərclərə, pula görə dayandırdılar. Qərb Ukraynanı da xərclərə görə, masada xərcləyə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr